BƏYANAT!

Bu gün 3 may Beynəlxalq Mətbuat Azadlığı günündə Azərbaycanda ifadə azadlığının durumu olduqca ağır və kritik həddədir.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hesab edir ki,  söz azadlığının durumunun kəskin pisləşməsinin başlıca səbəbi Azərbaycan hakimiyyətinin uzun illər ərzində mediaya qarşı apardığı repressiyalardır.

            Belə ki son bir ildə Azərbaycanda müxtəlif saxta ittihamlarla 8 jurnalist (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural” qəzetinin Lənkərandakı müxbiri Aydın Canıyev “islamazeri.com” saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər ” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı və sürücüsü Ramil Dadaşov, “Xəyal ” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, Zaur Quliyev, “Kür-Araz” “Şəffaflıq” jurnallarının baş redaktoru Oqtay Gülalıyev) həbsə atılıb. Həmin dövrdə 15-ə yaxın jurnalist peşə fəaliyyətini icra edərkən fiziki zorakılıqla üzləşib və müxtəlif xəsarətlər alıb. Ötən ilin noyabrında sui-qəsd nəticəsində tanınmış yazıçı-publisist Rafiq Tağı dünyasını dəyişib.  Ondan öncə 2005-ci ildə qətlə yetirilən jurnalist Elmar Hüseynovun qatilləri və bu qətlin sifarişçiləri hələ də cinayət məsuliyyətinə cəlb olunmayıblar. Nə jurnalist qətllərinin, nə də jurnalistlərə qarşı baş verən zorakı hücumların üstü açılmayıb. Bu da öz növbəsində Azərbaycan jurnalistləri arasında son vaxtlarda özünüsenzura sindromununun güclənməsinə səbəb olub. Hakim elitanın korrupsiya halları ilə bağlı araşdırmalar aparan jurnalistlər ən sərt hücumlara məruz qalırlar.  Azadlıq Radiosunun müxbiri, tanımış jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına aid gizli çəkilmiş video görüntüləri yayımlamaqla onun jurnalist fəaliyyətini dayandırılmasına nail olmaq istəyirdilər.

            Bu gün Azərbaycanda bütün teleradio yayım hakimiyyətin faktiki nəzarəti altındadır. Dövlət televiziya kanalları faktiki olaraq hakimiyyətin propoqandası ilə məşğul olur, ictimai televiziya ictimaiyyətin maraqlarına   xidmət etmək əvəzinə iqtidarın maraqlarına xidmət edir. Özəl yayımçıların çoxunun sahibi faktiki olaraq hakim elitanın yaxınlarıdır. Bu səbəbdən də  onlar da hakimiyyətin maraqlarına uyğun proqram siyasəti aparır.  Müstəqil teleradio yayım üçün lisenziya almaq faktiki olaraq mümkün deyil və bu cür məsələlər yalnız ölkə rəhbərliyinin qeyri-rəsmi icazəsindən sonra baş verə bilər. Bu sektorun lisenziyalaşdırılmasını həyata keçirən  Milli Televiziya və Radio Şurası müstəqil siyasət yeridə bilmir və faktiki olaraq Prezident Administrasiyanın qeyri-rəsmi göstərişləri ilə işləyir.

            Azərbaycan hakimiyyəti internetin azad olduğunu  bəyan etsə də,  bu sahədə də söz və ifadə azadlığının durumu ürək açan deyil. Hakimiyyət interneti texniki filtrasiya etməsə də, ayrı-ayrı internet fəallarını saxta ittihamlarla həbsə atır. Bir ay bundan öncə məhz internetdə yayımladığı videoya görə iki jurnalist (Quba hadisələri zamanı, “Xəyal ” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, jurnalist Zaur Quliyev ) həbsə atılıb.
            Bu il Azərbaycanda mətbuat azadlığı ilə dolayı bağlılığı olan iki nüfuzlu beynəlxalq tədbir keçiriləcək, biri mayın axırında keçiriləcək “Avroviziya” mahnı müsabiqəsidir,  digəri isə noyabrın əvvəlində keçiriləcək BMT-nin  İnternet İdarəedilməsi üzrə Forum (Internet Governance Forum ). Lakin buna baxmayaraq Azərbaycanda ifadə azadlığının durumu yaxşılaşmaq əvəzinə  daha da pisləşir.

            RATİ Azərbaycan hakimiyyətini yuxarıda sadalanan bütün problemləri aradan qaldırmağa və ən başlıcası həbsdə olan bütün jurnalistləri azad etməyə çağırır.

            Bu gün Beynəlxalq Mətbuat Azadlığı günündə RATİ həmçinin Azərbaycanın üzv olduğu və ifadə azadlığı  ilə bağlı qarşılarında öhdəlik götürdüyü BMT-yə, Avropa Şurasına və ATƏT-ə  müraciət edərək onlardan Azərbaycan hökumətinə müvafiq çağırışlar etməyə, bu çağırışlar  heç bir nəticə verməsə, öhdəlikləri yerinə yetirmədiyi üçün Azərbaycana qarşı konkret ölçülər tətbiq etməyə çağırır.

 

 

Previous Post

AZAD JURNALİSTİKA AZƏRBAYCAN MƏTBUATINA AZADLIQ TƏLƏB EDİR

Next Post

ŞƏFFAFLIQ DÖVLƏT BÜDCƏSİNDƏ DÖVLƏT ƏSASLI KAPİTALLAR VƏ PROSESDƏ MİLLİ MƏCLİSİN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.