SABAH STREKALİNƏ HÖKM OXUNACAQ

Bu gün (14 iyul) Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlili (Xəlilov) bıçaqlamaqda təqsirləndirilən Sergey Strekalinin işi üzrə məhkəmə prosesi tərəflərin son çıxışları ilə davam edib.

İlk olaraq dövlət ittihamçısı Eldar Həmzəyev çıxış edərək, ittiham aktını demək olar ki, yenidən oxudu. Həmzəyev Aqil Xəlilin jurnalist fəaliyyətinə görə deyil, məişət zəminində keçmiş “mavi” tanışı tərəfindən bıçaqlandığını iddia etdi. O, Strekalinin ona qarşı irəli sürülmüş hər iki ittiham üzrə, yəni Cinayət Məcəlləsinin 127.1 (bədənə qəsdən az ağır zərər vurma) və 234.1-ci (narkotik maddələrin qanunsuz saxlanılması) maddələri ilə təqsirli bilinməsini xahiş etdi və Strekalinin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istədi.
Vəkil E. Sadıqov isə 22 fevralda Xəlilin döyülməsindən başlayaraq indiyə qədər olan proseslər üzrə çıxış etdi və istintaq zamanı bütün telefon danışıqları üzrə çıxarışların və digər sübutların quraşdırma olduğunu vurğuladı.
“Strekalin Xəlili 2005-ci ildən tanıdığını iddia edir. Strekalin həmin vaxtda necə bilirdi ki, Xəlil iki ildən sonra jurnalist olacaq və onu öz telefonunda “Aqil jurnalist” adı ilə qeyd edib?. “Azercell”-dən alınan məlumatları isə istintaq orqanına MTN-nin Antiterror Mərkəzinin rəisi göndərib, bu onu göstərir ki, həmin məlumatlar MTN-də emal olunub və ümumiyyətlə istintaq zamanı bütün əməliyyatlar MTN tərəfindən aparılıb”, – deyə qeyd edən Sadıqov Strekalinin bu işə heç bir aidiyyatının olmadığını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi.
Sadıqovdan sonra Aqil Xəlil özü çıxış edərək, onu bıçaqlayan şəxsin Strekalin olmadığını bildirdi: “Mən bu şəxsi tanımıram, məhkəməni də qondarma hesab edirəm, burada sifariş həyata keçirilir, Strekalin isə nəyinsə müqabilində yalandan cinayət törətdiyini etiraf edən bir şəxsdir. Bu məhkəmədə mən zərərçəkən şəxs deyiləm, çünki məni müttəhim kürsüsündə əyləşən adam bıçaqlamayıb. Burada Akif Çovdarov, Dağbəyi Allahverdiyev və məni bıçaqlayan şəxslər əyləşməlidir”.
Daha sonra Strekalinin vəkili çıxış edərək Strekalinin öz təqsirini qismən etiraf etdiyini xatırlatdı: “Yəni o Xəlili bıçaqladığını etiraf edib, lakin narkotiklərin ona məxsus olması ilə razılaşmır. Buna görə də Strekalinə 234.1-ci maddə üzrə bəraətin verilməsini, öz təqsirini etiraf etdiyi, əvvəllər məhkum edilmədiyi üçün 127.1-ci maddə üzrə isə onun azadlıqdan məhrum etmə cəzası ilə deyil, həmin maddə ilə nəzərdə tutulan başqa cəza ilə cəzalandırılmasını xahiş edirəm”.
Sonda çıxış edən Strekalin vəkili ilə tam razılaşdığını, Aqil Xəlili yolda təsadüfən gördüyünü (uzun müddətdən sonra) və yaranmış mübahisə nəticəsində bıçaqladığını, onun 22 fevral tarixində baş verən hadisədən xəbərinin olmadığını bildirdi.
Çıxışlardan sonra hakim məhkəmə baxışının sona çatdığını və sabah (15 iyul) saat 11.00-da hökmün oxunacağını elan etdi.  
Photos: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,83/
Previous Post

SEYİDOV LUİS MARİYA DE PUÇUN SİYASİ MƏHBUSLAR ÜZRƏ XÜSUSİ MƏRUZƏÇİ BARƏDƏ DANIŞMADIĞINI İDDİA EDİR

Next Post

Sergey Strekalinin məhkəmə prosesi 14.07.2008

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.