Bu gün (19 may) “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlov Azərbaycan Dövlət Neft Akademiyasının xaric olunmasına etiraz olaraq dinc aksiya keçirib. O, əlində “kurs işi” və dəftər-kitab tutaraq, ADNA-nın 2-ci korpusuna daxil olmaq istəsə də, təhsil müəssisəsinin mühafizəçiləri onu içəri buraxmayıb.
Elmin Bədəlov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, təxminən 1 saat müddətində Nəsimi RPİ-də saxlanılıblar və onlara icazəsiz aksiya keçirməyə cəhd göstərdiklərinə görə xəbərdarlıq edilib. Tələbə-jurnalist əlavə edib ki, o, “dərsə” getmək adı ilə ADNA-ya daxil olmaqla ali məktəbdən xaric olunmasına etiraz etmək istəyib.
Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək, pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə aprelin 5-də iddianın təmin edilməməsi ilə bağlı qərar çıxardığı üçün, mayın 5-də apellyasiya şikayəti verilib.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,513/lang,az/