TƏLƏBƏ JURNALİSTİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (23 noyabr) Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist Elmin Bədəlovun Bakı Apellyasiya Məhkəməsinin 2 iyul 2010-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı Elmin  Bədəlov, onun  vəkili Elçin Sadıqov və  cavabdehin vəkili İlqar Cavadov iştirak edirdilər.

Prosesdə Elçin  Sadıqov vəsatət qaldıraraq, Təhsil Nazirliyinin  591 saylı 11 oktyabr 1994-cü il tarixli  “Aali məktəblərin kurs imtahanları barədə” əsasnaməsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatət qaldırıb.

Qarşı tərəfin vəkili İlqar Cavadov bildirib ki, bu vəsatət apellyasiya instansiyası zamanı qaldırılsa da təmin edilməyib. O həmçinin “Dalğa” Gənclər Hərəkatının proses keçirilən ərəfədə məhkəmənin qarşısında keçirdikləri aksiyanı məhkəmənin gedişatına maneçilik cəhdi  kimi dəyərləndirdiyini ifadə edib.

Məhkəmə yerindəcə müşavirə edərək, iddiaçının vəsatətinin təmin edilmədiyini bildirib.

Elçin  Sadıqov çıxışında kassasiya şikayətinin təmin edilməsini və işə yenidən baxılması üçün ilkin instansiya məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş edib.

Müşavirədən qayıdan hakim Akif  İsgəndərov kassasiya şikayətinin təmin edilməməsi barədə qərarını elan edib.

            Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 22 NOYABR 2010

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.