SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ MÜXBİRİN ÜZƏRİNDƏN ŞƏRTİ HƏBS CƏZASINI GÖTÜRDÜ

Bu gün (24  iyun) Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun   sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin – İdris Zeynalov və İmran Novruzovun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Səxavət) qarşı irəli sürdükləri ittiham  üzrə Qubadlı rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) K.Bəyəliyevin özü məlumat verib.

K.Bəyəliyevin sözlərinə görə, məhkəmədə qarşı tərəfdən  İmran Novruzov,  dövlət ittihamçısı Tural Yusifov məhkəmə qərarından şikayətçi qismində isə özü və vəkili Vüqar Xasayev iştirak ediblər.

Proses dövlət ittihamçısının çıxışı ilə başlayıb. Dövlət ittihamçısı T. Yusifov Qubadlı rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib.

Daha sonra çıxış edən müdafiə tərəfi dövlət ittihamçısına etiraz elədilər. Vəkil V. Xasayev Bəyəliyevə jurnalist fəaliyyətinə görə  böhtan atıldığını və ilkin instansiya məhkəməsinin qərarının ləğv edilərək, ona bəraət verilməsini hakimdən xahiş edib.

Müşavirədən qayıdan hakim V. Cəfərov K. Səxavətə (Bəyəliyev) qarşı irəli sürülmüş 221-ci (xuliqanlıq) maddənin sübuta yetirilmədiyi üçün  onun üzərindən götürülməsi və cəmi 100 manat cərimə edilməsi barədə qərar elan edib

K. Bəyəliyev bu qəradan Ali Məhkəməyə şikayət veriləcəyini bildirdi.

Xatırladaq ki,  2009-cu il sentyabr ayının 11-də axşam saat 11 radələrində  “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində  Bakı-Sumqayıt magistral yolun üstündə  Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov  arasında mübahisə yaranıb. Mübahisə  icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazıları  dayandırmağı tələb etmələri ilə başlanıb.  Baş verən hadisə ilə bağlı K.Bəyəliyev haqqında məhkəməyə şikayət edilmişdi. Məhkəmə Bəyəliyev barədə 1 il müddətinə şərti həbs cəzası hökmü çıxarmışdı.

“Güzgü”  qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.  

Previous Post

VƏKİL OSMAN KAZIMOVUN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

DEMOKRATİK QÜVVƏLƏR”TÜRKÇÜLÜK GÜNÜ”NÜ QEYD ETDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.