TƏNZİLƏ RÜSTƏMXANLI ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ İFADƏ VERİB

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin bu dəfəki iclasına sabiq deputat G.Əhmədovanın şahidi qismində Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qatılıb.



Əvəz Zeynallı əsas şahid Gülər Əhmədovanın dindirilmədən onun şahidlərinin ifadə verməsini qanuna zidd hesab edib. Onun əsaslı iradlarına baxmayaraq, hakim R.Allahverdiyeva və prokuror Ramazan Hadıyev şahidin ifadə verməsinə təkid ediblər.

 İfadə verməzdən əvvəl T.Rüstəmxanlı məhkəmədə iştirak etməsinin peşmançılığını çəkdiyini deyib. O qeyd edib ki, 2011-ci ilin iyul-avqust aylarında Gülər Əhmədova ona zəng vuraraq, Əvəz Zeynallının onu şantaj etdiyini və əvəzində ondan külli miqdarda pul istədiyini deyib. O isə Gülər Əhmədovaya şantaja boyun əyməməyi və Əvəz Zeynallı haqqında hüquq-mühafizə orqanlarına şikayət etməyi məsləhət görüb. Vəkil Yalçın İmranovun, “Siz Əvəz Zeynallını şantajçı jurnalist kimi tanıyırsınız?” sualına Tənzilə Rüstəmxanlı, “Xeyr, mən Əvəz Zeynallını yaxşı jurnalist kimi tanıyıram” deyib, lakin sabiq deputata baş redaktoru həbs etdirmək haqda məsləhət verərkən hansı dəlillərə əsaslandığını açıqlamayıb.

Məhkəmədə Gülər Əhmədovanın şahidi qismində iştirak etməli olan oğlu Toğrul Əhmədov ifadə vermək üçün yenidən məhkəməyə qatılmayıb. Hakim 5 dəqiqəlik fasilədən sonra Toğrul Əhmədovun telefon zənglərinə cavab vermədiyini açıqlayıb. Məhkəmənin növbəti iclası oktyabrın 31-i saat 14.00-a təyin olunub.

Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) və 311.3.4-cü (Hədə qorxu tətbiq olumaqla rüşvət alma) maddələri ilə ittiham edilir. Baş redktor haqqında qaldırılan iddiaları qəbul etmir. Beynəlxalq Jurnalist təşkilatları Əvəz Zeynallının həbsini peşə fəaliyyətilə bağlı siyasi sifariş olduğunu bəyan edirlər.

Previous Post

MEDİANIN TƏNZİMLƏNMƏSİNİN MÜXTƏLİF FORMALARI – HANSI FORMA AZƏRBAYCANA DAHA UYĞUNDUR?

Next Post

MEDİA AZADLIĞI VƏ HESABATLILIQ MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.