Məhkəmə Mehman Hüseynovu vaxtından əvvəl şərti azadlığa buraxmayıb

avqust 24th, 2018

Bakı/24.08.18/Turan: Bu gün Qaradağ Rayon Məhkəməsinin 14 saylı koloniyadakı səyyar iclasında bloger Mehman Hüseynovun cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətinə baxılıb.

Məhkəmə müraciəti təmin etməyib. Bu barədə jurnalistlərə blogerin vəkili Şəhla Hümbətova bildirib.

Onun sözlərinə görə, koloniya administrasiyası məhkəməyə M.Hüseynovun barəsində mənfi xasiyyətnamə təqdim edib, blogerin “islah olunmadığını” bildirib.

Onu koloniya “əməkdaşlarına qarşı qeyri-səmimi münasibətdə, əməyə mənfi münsibətdə, abadlıq işlərində və mədəni tədbirlərdə iştirak etməməkdə ittiham ediblər”.

M.Hüseynov bildirib ki, onun məsələsi məhkəmədə həll olunmur və əmin idi ki, onu azad etməyəcəklər. “Bunu koloniya rəisi, ya da hakim həll etmir”, – M.Hüseynov vurğulayıb.

O qeyd edib ki, koloniyada minlərlə məhbusun iştirakı ilə mədəni tədbirlərin keçirilməsi üçün yer yoxdur.

Müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil. Vəkil deyib ki, M.Hüseynov 1,5 il ərzində inzibati cəza və irad almayıb. Müdafiə tərəfi apellyasiya verəcək.

*Bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Mehman Hüseynov 2017-ci ilin martında Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı iddiası əsasında böhtan ittihamı ilə 2 il azadlıqdan məhrum edilib.

İddiaya M.Hüseynovun ötən ilin yanvarında həmin idarədə işgəncələrə məruz qalması barədə bəyanatı səbəb olub.

Lakin hüquq müdafiəçilərinin fikrincə, M.Hüseynova qarşı təqiblərin əsl səbəbi Azərbaycan hökuməti və parlament üzvlərinin dəbdəbəli villaları haqda videoreportajlarıdır.

Amnesty International təşkilatı M.Hüseynovu “vicdan məhbusu” kimi tanıyıb.