ƏFV EDİLMƏYƏN JURNALİSTLƏRİN AİLƏ ÜZVLƏRİ MÖVQELƏRİNİ BİLDİRİBLƏR

RATİ əfv edilməyən jurnalistlərin ailə üzləri ilə əlaqə saxlayıb və həmin jurnalistlərin əfv edilməməsinin səbəbləri ilə maraqlanıb.

“Azadlıq” qəzetinin həbs edilmiş əməkdaşı Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova RATİ-nin əməkdaşı ilə söhbətində bildirdi ki, “mən həyat yoldaşımın buraxılmamısının başlıca səbəbini hakimiyyətin ondan qorxduğunda görürəm. Buna səbəb onun mərdliyidir. Yəni bilirlər ki, çıxdıqda yenə də onlara qarşı mübarizəni davam etdirəcək. Bir neçə vaxt ümidlə yaşasam da, Mətbuat Şurasının sədri Əflatun Amaşov və “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin həbs olunmuş bəzi jurnalistlərə baş çəkdiyindən sonra yoldaşımın əfv olunacağına ümidim qırıldı. Mən bilirdim ki, bu insanların baş çəkdiyi jurnalistlər azad olacaq, və belə də oldu. Niyə Əflatun Amaşovla Arif Əliyev bu cür etdilər bilmirəm, amma etdilərsə “çox sağ olsunlar”. Sakitin buraxılmadığına görə heyifslənirəm, lakin prezidentə əfvlə bağlı müraciət etyməməyim məni sakitləşdirir. Mən onsuz da qalan  il yarımı gözləyirəm”. 

  Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-u Şamaxının Meysəri kəndində anadan olub. Ailəlidir. Beş uşaq atasıdır. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 23 iyun 2006-cı ildən həbsdədir.
   “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynula Fətullayevin atası Emin Fətullayev isə jurnalistin niyə əfv edilmədiyini bilmir.  “Bizi  Eynullanın adının o siyahıya salınmaması kədərləndirdi və təəcübləndirdi. Eynullanın özü və anası əfvlə bağlı prezidentə müraciət etsələrdə, o əfv edilmədi. Bu gün  vəkillərlə və  Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxladım, onlar da Eynullanın əfv olunmamasının səbəbini başa düşmədiklərini bildirdilər”.

Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-i Bakıda anadan olub. Subaydır. Ilkin olaraq, 21 aprel 2007-ci ildə böhtan və təhqirdə ittiham olunaraq, 2 il 6 ay azadlıqdan məhrum edilmişdi. Sonradan terrorla hədələmə, etnik və dini nifrətçiliyin salınması ittihamları ilə təqsirli bilinərək, 30 oktyabr 2007-ci ildə əvvəlki həbs müddəti də daxil olmaqla 8 il 6 ay həbs cəzası alıb.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun həyat yoldaşı Ayəndə Mürsəliyeva məsələ ilə bağlı bunları bildirdi: “Qənimətin məhkəməsi hələ tam bitmədiyi üçün mən onun əfvini gözləmirdim. Məlumdur ki, yoldaşım sifariş nəticəsində tutulub. Onun məhkəmə proseslərində ədalət görmədiyimdən, əfv fərmanına adının salınmasına da ümid etmirdim”.

 Qənimət Zahidov 1963-cü il fevralın 10-u Şamaxının Meysəri kəndində anadan olub. Ailəlidir. Dörd uşaq atasıdır.  Barəsində xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 10 noyabr 2007-ci il tarixində həbs qət-imkan tədbiri seçilib.
“Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun qardaşı oğlu Təhmasib Hüseynov jurnalistin sifariş nəticəsində həbs olunduğunu hesab edir. O qeyd edib ki, “biz Müşfiqin azad olunacağına ümid edirdik. Onun iki azyaşlı uşağı var və özü də vərəm xəstəsidir. Hamıya məlumdur ki, Müşfiq Hüseynov sifarişlə həbs edilib və biz hesab edirik ki, Müşfiqin  adının əfv olunanların siyahısına salınmamasında onu şərləyərək həbs etdirən məmur Füzuli Ələklbərovun da rolu olub”.

 Müşviq Hüseynov 1972-ci il  fevralın 19-da Saatlı rayonunda anadan olub. Ailəlidir. İki uşaq atasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Rizvan Əliyevdən güya 3500 ABŞ dolları rüşvət almaqda ittiham edilərək 24 iyul 2007-ci ildə həbs olunub. 26 iyul 2007-ci ildə hakim Gülnarə Tağızadə jurnalist barəsində üç aylıq həbs qət-imkan tədbirinin seçilməsi haqqında qərar çıxarmışdı. Həbs qət-imkan tədbiri 19 oktyabr 2007-ci il tarixdə daha üç ay müddətinə uzadılmışdı. Hazırda jurnalistin məhkəməsi davam edir.

Previous Post

QƏZETLƏRƏ MALİYYƏ YARDIMI AYRILIB

Next Post

“XURAL“ QƏZETİNƏ HÖKMÜN OXUNMASI GƏLƏN İLƏ SAXLANILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.