ÜZEYİR CƏFƏROV ÖZÜNÜN VƏ AİLƏSİNİN TƏHLÜKƏSİZLİYİNƏ GÖRƏ NARAHATDIR

“Bütün ehtiyat tədbirlərini görsəm də, mən ailəmə və özümə görə çox narahatam”. Bu sözləri “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin əməkdaşı Üzeyir Cəfərov bu gün RATİ-nin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında söyləyib.

Cəfərov əlavə edib ki, “yanvar ayının 28-29-da edilən zənglərlə bağlı “Azercell” Şirkətinə müraciət etdim. Ordan mənə məsləhət gördülər ki, yaşadığım rayon polis bölməsinə müraciət edim. Polis bölməsinə müraciət edəndən sonra müstəntiq Müslüm Hüseynov tərəfindən polis bölməsinə çağırıldım. Orada mənə “Azercell” Şirkətinin 18 fevral tarixli və şirkətin rəhbəri Hilmi Atəş tərəfindən imzalanmış məktub təqdim etdilər. Məktubda qeyd olunurdu ki, Konstitusiya, Cinayət-Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını rəhbər tutaraq, vətəndaşın telefon danışıqlarının məxfiliyini qorumaq şərti ilə, “Azercell” Şirkəti mənə heç bir kömək göstərə bilməz. Beləliklə də “Azercell” Şirkəti heç bir əsas göstərmədən mənə kömək etməkdən imtina etdi və polis də öz işini bitmiş hesab etdi. Mən sözügedən şirkəti məhkəməyə verməyə hazırlaşıram. Mən əmin idim ki, bu iş araşdırılmayacaq. Çünki 20 aprel 2007-ci ildə də eyni ilə belə olmuşdu. Mənə qarşı sui-qəsd edən şəxslər hələ də tapılmayıblar”. Bununla bağlı heç bir yerə müraciət etməyəcəyini deyən jurnalist əlavə etdi ki, “mən bu vaxta qədər Mətbuat Şurası (MŞ) adlı bir qurum görmədim. Çünki MŞ heç bir jurnalistin işində kömək göstərmir. Təəssüflər olsun ki, MŞ Prezident Aparatının şöbəsinin bir bölməsinə çevrilib”.
     Mart ayının 2-də “Monitor” jurnalının baş redaktoru mərhum jurnalist Elmar Hüseynovun il dönümü olduğunu xatırladan Ü.Cəfərov qeyd etdi ki, “bir neçə il keçməsinə baxmayaraq hələ də jurnalistin qatilləri tapılmayıb. Halbuki prezident mərhumun atası Sabir Hüseynova oğlunun qırxına kimi qatillərinin tapılacağına söz vermişdi. Hamımız bu qətlin kimlər tərəfindən törədildiyini yaxşı bilirik. Çünki indi kim azad söz deyirsə onu aradan götürürlər. Məni narahat edən odur ki, daha mənə qarşı nə gizli zənglər, nə də sui-qəsd olmayacaq. Məni bir güllə ilə susduracaqlar. Mən artıq bu təhlükəni görürəm. Özümə və ailəmə görə narahatam”.
     Tədbirdə iştirak edən Silahlı Qüvvələrə Demokratik və Mülki Nəzarət Mərkəzinin rəhbəri Ələkbər Məmmədov bütün jurnalistləri, mətbuatı birləşməyə çağırdı: “biz birləşib azad fikir söyləyən həmkarlarımızı müdafiə etməliyik. Azərbaycanın reallığını nəzərə alsaq görərik ki, iqtidar istənilən yolla azad fikir söyləyən jurnalisti aradan götürməyə çalışır. Mən hesab edirəm ki, Ü.Cəfərova onun ehtiyacı olduğu dəstəyi verməliyik”.

Previous Post

QƏNİMƏT ZAHİDOVUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Next Post

Press conference on Human Rights theme

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.