VİDADİ İSGƏNDƏROVUN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Dünən Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərovun Şəki Apellyasiya Məhkəməsinin 18 oktyabr 2011-ci il tarixli ilkin baxış qərarından verdiyi kasassiya şikayəti üzrə məhkəmə proses keçirilib.

Məhkəmə yerində müşavirə keçirərək şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul etdi.  

Belə ki, prosesdə Vidadi İsgəndərovun vəkili Yalçın İmanov, dövlət ittihamçısı Mahir Abbasov iştirak edirdi. Hakim Vidadi İsgəndərovun məhkəmə prosesində iştirak etmək üçün müraciət etdiyini dedi və buna etirazın olub olmadığını soruşdu. Vəkil Yalçın İmanov da Vidadi İsgəndərovun məhkəmədə iştirakı ilə bağlı vəsatət verdi. Amma hakim Vidadi İsgəndərovun  məhkəmə prosesində iştirakına ehtiyac olmadığnğ bildirdi.

Daha sonra çıxış edən Yalçın İmanov Göyçay rayon məhkəməsinin 27 avqust 2011-ci il tarixli qərarından verdikləri apellyasiya şikayətində ədalətli məhkəmə araşdırılmasının aparılmadığını göstərdiyini, həmçinin məhkəmənin gedişində işin məhkəmə istintaqı qaydasında aparıılması ilə bağlı vəsatət verdiyin bildirdi. Şəki Apellyasiya məhkəməsinin heç bir əsas gətirmədən vəsatəti təmin etmədiyini qeyd edən vəkil həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Yuxarıda qeyd etdiyimiz kimisə, hakim şikayəti təmin etmədi.

Xatırladaq ki, Vidadi İsgəndərov ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçkidə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. İttihama görə seçki zamanı Qarabağlar kəndində yerləşən 16 saylı seçki məntəqəsinə daxil olaraq səsvermənin gedişinə maneçilik törədib. Məntəqə seçki komissiyası tərəfindən aktla sənədləşdirilmiş, küncü səhv kəsilmiş 16 ədədə bülleteni komissiya sədrindən zorla alıb. Bir neçə saat sonra Mirzəhüseynli kəndində yerləşən 17 və Göyçay şəhərindəki Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqələrində də eyni hərəkətləri təkrar edib.

Vidadi İsgəndərov bu il aprelin 17-də müxalifətin yeni birliyi olan İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Göyçay rayon Məhkəməsi 27 avqust 2011-ci ildə hüquq müdafiəçisi V. İsgəndərov  3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının verilməsi barədə qərar çıxarıb. 2 noyabr 2011-ci ildə Şəki Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarını təmin etməyib.

Qeyd edək ki, Vidadi İsgəndərov beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu hesab edilir və onun dərhal azad olunmağı tələb edilir.

 

 

 

Previous Post

16 MƏRTƏBƏLİ BİNADA YANĞIN OLUB

Next Post

16 MƏRTƏBƏLİ BİNADA YANĞIN OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.