HƏYAT YOLDAŞI VƏ ANASI SAKİT ZAHİDOVLA GÖRÜŞÜB

dekabr 20th, 2008
Dünən (19 dekabr) ailə üzvləri “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Sakit Zahidovla (Mirzə Sakit) cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsində görüşüblər.

Görüşdə S. Zahidovun həyat yoldaşı  Rəna Zahidova və anası  Xədicə Zahidova iştirak edib. Bu barədə RATİ-yə R. Zahidova məlumat verdi.
”Sakitin səhhətindən, saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur, amma uşaqları üçün çox darıxır. Cəza müddətinin bitməsinə 5 ay qalıb və səbirsizliklə  cəzasının bitəcəyi günü gözləyir. Sakit anasını cəzaçəkmə müəssisəsində görəndə çox kövrəldi. Axı onun valideynlərindən tək anası həyatdadır”, – deyə R. Zahidova qeyd etdi.
Qeyd edək ki, S. Zahidovun atası Səlim Zahidov dekabrın 1-i axşam saatlarında vəfat edib. O və qardaşı “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidov (Zahid) anaları X. Zahidovanın Ədliyyə Nazirliyinə vurduğu teleqramdan sonra dekabrın 2-dən 3-nə keçən gecə müvəqqəti olaraq azadlığa buraxılmışdılar. Dekabrın 8-də isə Zahidov qardaşları yenidən cəza çəkdikləri müəssisələrə geri qaytarılıblar.
Xatırladaq ki, 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən  Q.Zahidov 2007-ci ilin noyabrından həbsdədir, o, 4 il müddətinə azadlıqdan məhrum olunub. 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan S.Zahidov isə 2006-cı ilin iyunundan həbsdədir, o isə 3 il müddətinə azadlıqdan məhrum edilib.