ŞAHİD ƏVƏZ ZEYNALLIYA RÜŞVƏT VERMƏDİYİNİ DEDİ

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Prosesdə rüşvət faktı ilə bağlı şahid qismində ifadə verən “Xəmsə” restoranının rəhbəri Mürvət Həsənli baş redaktora rüşvət vermədiyini bildirib. Hakim restoran rəhbərinin ibtidai istintaqa verdiyi ifadəni elan edib və orda baş redaktora rüşvət verildiyinin əks olunduğunu qeyd edib. Mürvət Həsənli ifadənin ona məxsus olduğunu deyib, lakin məhkəmədə dediklərinin daha doğru olduğunu vurğulayıb.

Proses sentyabrın 26-da növbəti şahidlərin dindirilməsi ilə davam etdiriləcək.
Xatıqladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərova və müğənni Nüşabə Ələsgərliyə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, Nərimanov rayon məhkəməsinin qərarı ilə oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub.
“Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Qəzetin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.  
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.
 

Previous Post

AZƏRBAYCANDA YAYIM MEDİASININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB

Next Post

AZƏRBAYCANDA YAYIM MEDİASININ GƏLƏCƏYİ MÜZAKİRƏ EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.