EYNULLA FƏTULLAYEVİN PROSESİNDƏ ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ BAŞA ÇATIB

Bu gün (19 may) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və  “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Eynulla Fətullayev prosesdə audio və video çəkilişin aparılması, müstəqil ekspert Hüseyn Hüseynovun məhkəmədə iştirakının təmin edilməsi və Hacı Məmmədovun törətdiyi cinayətlərlə bağlı araşdırma aparan Rəna Nəsibovanın öldürülməsi barədə apardığı araşdırmanın cinayət işinə əlavə edilməsi barədə vəsatətlər verdi. Hakim Rəna Nəsibova haqqında araşdırmanın cinayət işinə əlavə edilməsi ilə bağlı vəsatəti tam təmin etdi. Prosesdə jurnalistlərə görüntülər götürməyə icazə verildiyini qeyd edən İ. Xəlilov, prosesin tam audio və video çəkilişinin aparılmasına ehtiyac olmadığını bildirib. O, Hüseyn Hüseynovun məhkəmədə iştirakı ilə bağlı vəsatətə isə növbəti proseslərdə baxılacağını əlavə etdi.

Prosesdə  Eynulla Fətullayevlə eyni gündə üzərlərində axtarış keçirilmiş məhkumlar Faiq Quliyev və Qabil Ağayev, həmçinin müdafiə tərəfinin şahidi Anar Namazov da dindiriliblər. Faiq Quliyev 12 saylı Cəzaçəkmə Müəssisəsində hər gün xeyli sayda müxtəlif hadisə baş verdiyindən Eynulla Fətullayevin üzərindən narkotik maddə tapılmasına təəccüblənmədiyini bildirdi.

Qabil Ağayev E. Fətullayevin üzərində axtarış aparılarkən həmin otaqda olmadığını və onun üzərindən narkotik maddə tapılmasını görmədiyini dedi.

Anar Namazov isə E. Fətullayevdə narkotik təsiri altında olma halı müşahidə etmədiyni qeyd etdi. O həmçinin bildirdi ki, E. Fətullayev həmin dövrdə Avropa İnsan Haqları Məhkəməsinin qərarını gözləsə də, azadlığa çıxacağına şübhə ilə yanaşırdı.

Növbəti məhkəmə prosesi 26 may saat 11:00-a təyin edildi.
 

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 
Previous Post

VALİDEYNLƏRİ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

Next Post

BƏNDLƏR KÜRÜN QARŞISINI ALA BİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.