ŞAHİDLƏR ADNAN HACIZADƏ VƏ EMİN MİLLİNİN DÖYÜLMƏSİ İLƏ BAĞLI İFADƏ VERİBLƏR

Bu gün (29 sentyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri Elton Quliyev və İsaxan Aşurov zərərçəkmiş şəxslərin – Vüsal Həsənov və Babək  prosesdə iştirak etməməsinə etiraz ediblər. Hakim nümayəndədən zərərçəkmişlərn növbəti məhkəmə prosesində iştirakının təmin olunmasını istədi.
Daha sonra şahid ifadələri dinlənildi. İlk öncə ittiham tərəfinin təqdim etdiyi şahidlər – Səbail rayon polis idarəsinin 3 polis əməkdaşı ifadə verdilər. Müdafiə tərəfinin vəkillərinin suallarına əsasən “xatırlamıram” cavabını verən hər üç şahidin ifadəsində kifayət qədər ziddiyyətli məqamlar olub. Belə ki, hər üç şahid hadisədən sonra Adnan Hacızadə, Emin Milli və Orxan Qafarlının restorandan birbaşa 9-cu polis bölməsinə apardıqlarını bildirsələr də, Emin Milli hakimdən söz alaraq vurğuladı ki, bu məsələ dəqiq araşdırılmalıdır: “Biz restorandan 39-cu polis bölməsinə şikayət etmək üçün özümüz getmişik, oradan 9-cu polis bölməsinə isə bizi polis maşını ilə aparıblar.”  Müdafiə tərəfinin şahidi olan Orxan Qafarlı da Emin Millinin dediyini təsdiqləyib.
Daha sonra müdafiə tərəfinin şahidləri Orxan Qafarlı və Pərviz Atayev eyni məzmunlu ifadələrində bildiriblər ki, hadisə baş verən vaxt restoranda Adnan və Eminlə birgə olublar. Şahidlər vurğulayıblar ki, Vüsal Həsənov onların əyləşdiyi stola yaxınlaşaraq, Emin Milliyə “nə deyirsən” – deyə soruşub. Emin Milli onu başa düşmədiyini desə də, Vüsal Həsənov israrla sualını təkrarlayıb və daha sonra Eminə kəllə ilə zərbə vurub. Bundan sonra Adnan Hacızadəyə də zərbə endirən V.Həsənov stola da təpiklə vurub və stolun aşması nəticəsində stoldakı qablar sınıb. Şahidlər onu da bildiriblər ki, onlar – Adnan və Eminlə birlikdə əyləşmiş şəxslər onları ayırmağa çalışsalar da Vüsal ilə eyni masada əyləşmiş və onlara yaxınlaşmış Babək Hüseynov onlara mane olub. P.Atayev onu da bildirib ki, o, polis çağırmaq üçün restorandan çıxıb geri qayıtdıqdan sonra Emin və Adnanın yerdə uzanmış vəziyyətdə, Vüsal Həsənovun onların üzərində olduğunu və restoranın əməkdaşları tərəfindən belindən tutaraq ayırmağa çalışdıqlarını görüb.
Hakim növbəti prosesi 1 oktyabr saat 15.00-a təyin edib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
Previous Post

JURNALİSTLƏR VƏKİLLƏ TƏMİN OLUNMAQ BARƏDƏ VƏSATƏT QALDIRIBLAR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.