Yazıçı-jurnalist Rafiq Tağı noyabrın 19-u axşam saatlarında işdən çıxaraq evə gedərkən, evinin yaxınlığında bıçaqlanıb.
Əməliyyatda iştirak edən cərrahlardan biri, Abbas Abbasov jurnalistlərə bildirib ki, ölüm təhlükəsi olmasa da Rafiq Tağının vəziyyəti kifayət qədər ağırdır. Bunun əsas səbəblərindən biri odur ki, xəstə çoxlu qan itirib, çünki hücumdan sonra özü evə gəlib, telefonla danışıb və bütün bu müddət ərzində bədənində güclü qanaxmalar olub. Cərrah deyib ki, əməliyyat çox gərgin olub. Çünki xəstənin bədənində 6 bıcaq deşiyi var.
Cərrahiyyə əməliyyatından sonra isə həkim A.Abbasov “Azadlıq” radiosuna bildirib ki, yaralar kifayət qədər ağır zədələr törədib. R.Tağının 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxartmağa məcbur olublar.
Rafiq Tağının vəziyyətinin ağır olduğunu bildirən Abbasov, daha çox diafraqmanın zədələnməsindən qayğılandığını deyib. "Onu suni nəfəs sistemindən ayırandan sonra vəziyyətə daha aydın qiymət vermək mümkün olacaq", – deyə Abbasov əlavə edib.
Axşam saatlarından Nəsimi Polis İdarəsinin əməkdaşları Xəstəxanada olublar, daha sonra polislər hadisə yerinə baxış keçirib və R.Tağının ailə üzvlərindən ilkin ifadəni alıblar.
Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicəsini davam edən R.Tağı özünə gəlib, amma hələ ki yaxınlarını Rafiq Tağıyla görüşə buraxmırlar.
Qeyd edək ki, ixtisasca həkim olan və Bakı şəhəri 8 saylı Təcili Yardım Stansiyasında işləyən Rafiq Tağı Azərbaycanda tanınmış yazıçı-jurnalistlərindəndir. Onun publisistik yazıları dəfələrlə cəmiyyətdə ciddi polemikalara səbəb olub. Son vaxtlar o www.kulis.az-la əməkdaşlıq edir. Son olaraq R.Tağının bu portalda 2011-ci il noyabrın 11-də dərc etdirdiyi İran İslam Respublikası hökumətini və İslam Respublikasının ali dini rəhbərini sərt tənqid edən “İran və qloballaşma qaçılmazlığı” məqaləsidir.
Xatırladaq ki, 2007-ci ildə isə işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R.Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.
Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, qəzetin redaktoru Samir Sədaqətoğlu isə 4 il müddətinə azadlıqdan məhrum edildmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxdmışdılar.