VƏKİLLƏRİ GƏNC BLOQÇULARLA GÖRÜŞÜBLƏR

avqust 4th, 2009
Dünən (03 avqust) vəkilləri İsaxan Aşurov və Elton Quliyev Bakı İstintaq təcridxanasında saxlanılan blogçular – Adnan Hacızadə və Emin Milli (Abdullayev) ilə görüşüb.

A.Hacızadənin vəkili İsaxan Aşurovun “Turan”a verdiyi məlumata görə, hər iki gəncin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmasa da, indiyə qədər yerli məhkəmələrin çıxardıqları qərarları ədalətsiz sayırlar.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.