GƏNC FƏAL NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLİB

Fevralın 7-də Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı  həbs edilməsi  ilə bağlı onun Hüquqlarının Müdafiə Komitəsi tərəfindən mətbuat konfransı keçirib.

Savalanlının Hüquqlarını Müdafiə Komitəsinin üzvü Natiq Ədilov  bildirdi ki,  AXCP  üzvünün şərlənərək həbs edilməsi hiddətlə qarşılanıb. Bu addım gəncliyin susdurulması üçün atılıb.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə bildirdi ki,  Savalanlı 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət etmiş müxalifətçilərə polisin  müdaxiləsinə qarşı fəal etiraz etməsi  və  “facebook” sosial şəbəkəsində sərt tənqidi yazılar yazması ilə bağlı həbs edilib.

            “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid təklif etdi ki, bu hadisə ilə bağlı bütün gənclər təşkilatları və  eyni zamanda bütün müxalifət təşkilatları birləşərək birgə mübarizə aparmalıdırlar.

Jurnalist Şahvələd Çobanoğlu bildirdi ki,  bu cür həbslər daha çox qeyri-iş günlərində həyata keçirilir ki, ictimaiyyətin qurama cinayət işi və həbslərdən xəbəri olmasın.

            AXCP sədr müavini Gözəl Bayramlı hesab edib ki,  gənc fəal siyasi sifarişlə həbs olunub, məqsəd də gəncliyi susdurmaqdır.

            Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı isə bildirdi ki, hadisəyə operativ reaksiya vermək lazımdır və o  Prezident Aparatının, Daxili İşlər Nazirliyinin qarşısında, Fəvvarələr meydanında etiraz aksiyalarının keçirilməsini təklif etdi.

RATİ sədri, hüquq müdafiəçisi Emin Hüseynov isə  bildirdi ki,  saxta narkotik ittihamı ilə bu zamana qədər  Mirzə Sakit, Eynulla Fətullayev də şərlənərək həbs ediliblər.  Onun sözlərinə görə, məqsəd gəncləri qorxutmaqdır.

            Xatırladaq ki, AXCP gənclər təşkilatının üzvü Cabbar Savalan ötən şənbə axşam saatlarında Sumqayıtda yaşadığı binanın yaxınlığında saxlanılıb. Onun barəsində  Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu maddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Previous Post

KİV-Ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN İDDİASI İLƏ QƏZET CƏRİMƏLƏNDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.