ZAHİDOV QARDAŞLARI YENİDƏN CƏZA ÇƏKDİKLƏRİ MÜƏSSİSƏLƏRƏ QAYTARILDILAR

dekabr 9th, 2008
Atalarının yas mərasimində iştirak etmək üçün 7 gün müddətinə azadlığa buraxılan jurnalist qardaşlar – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov (Zahid) və “Azadlıq” qəzetinin satirik yazarı Sakit Zahidov (Mirzə Sakit) (08 dekabr) dünən saat 18:00 radələrində Şamaxının Meysəri kəndindən Bakıya,  saxlandıqları cəzaçəkmə müəssisəərinə qaytarılıblar.

Bu barədə RATİ-yə Q.Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva və S.Zahidovun həyat yoldaşı Rəna Zahidova məlumat verib:
Xanımların hər ikisi həyat yoldaşlarının atalarının yas mərasimində iştirak etmələrinə şərait yaradan şəxslərə və müvafiq qurumlara minnətdarlıq etdilər.
Belə ki, Cəzaların İcrası Məcəlləsi də Zahidov qardaşlarına atalarının yas mərasimində iştirak etməyə imkan verir.  ”Qanunda göstərilir ki, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin belə bir hüququ var. Ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhbuslar ictimaiyyət üçün təhlükəli deyil”, – deyə  Q.Zahidovun vəkili Elçin Sadıqov RATİ-yə bildirdi.
Habelə vəkil hesab edir ki, qanuna görə, Zahidov qardaşları müşayətsiz atalarının yas mərasimində iştirak etməli idilər: ”Amma Qənimət Zahidov və Sakit Zahidovu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları müşayət edirdi. Bunun özü də qanun pozuntusudur”.
Qeyd edək ki, Zahidov qardaşlarının atası Səlim Zahidov dekabrın 1-i axşam saatlarında vəfat edib. Zahidov qardaşlarının anaları Xədicə Zahidovanın Ədliyyə Nazirliyinə vurduğu teleqramdan sonra dekabrın 2-dən 3-nə keçən gecə müvəqqəti olaraq azadlığa buraxılmışdılar.
Xatırladaq ki, 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən  Q.Zahidov 2007-ci ilin noyabrından həbsdədir, o, 4 il müddətinə azadlıqdan məhrum olunub. 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan S.Zahidov isə 2006-cı ilin iyunundan həbsdədir, o isə 3 il müddətinə azadlıqdan məhrum edilib.