Beynəlxalq Qızıl Xaç Komitəsi həbsdəki jurnalistlə görüşüb

483689_10200792687362394_917677259_n

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Assiat Blansi  martın 29-da Bakı İstintaq Təcridxanasında olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Bu barədə bu gün (01 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

“ Assiat Blansi Əvəz Zeynallının saxlanma şəraiti ilə maraqlanıb, həbsinin səbəbləri və motivləri ilə bağlı söhbətlər edib. Assiat Blansi bildirib ki, Əvəz Zeynallı  Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarətində olan məhbuslardan biridir. Beynəlxalq Qızıl Xaç Komitəsi Ə.Zeynallıya məhkəmə hökmü ilə 9 il həbs cəzası kəsildikdən sonra da onun durumunu nəzarətdə saxlamaq niyyətində olduğunu bildirib”, -deyə Məlahət Zeynallı qeyd edib.

M. Zeynallı onu da qeyd edib ki, Əvəz Zeynallı Qızıl Xaç Komitəsinin nümayəndəsinə saxlanma şəraitindən narazı olmadığını bildirib, lakin bununla yanaşı əsas diqqətin  onun jurnalist olmasına da yönəlməsini istəyib.

“Əvəz Zeynallı xanım Blansidən noutbukla təmin olunması üçün kömək göstərmələrini xahiş edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Ə.Zeynallının bu xahişini Ədliyyə Nazirliyinin Penitensiar Xidmət rəhbərliyinə çatdırılacağını, buna razılıq alındığı təqdirdə onun noutbukla təmin ediləcəyini bildirib”,-deyə jurnalistin həyat yoldaşı əlavə edib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsi 12 mart 2013-cü il tarixində jurnalistin 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Jurnalistin məhkəməsi başlayır

Next Post

RATI-2011-illik Maliyyə Vəziyyəti Haqqında Hesabat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.