ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ MÜDAFİƏ TƏRƏFİN QALDIRDIĞI BÜTÜB VƏSATƏTLƏRİNİN RƏDD EDİLMƏSİ İLƏ DAVA

Bu gün (31 may) Bakı Ağır Cinayətlər Məhkəməsində,  “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmədə baş redaktor bir sıra məsələlərə dair etirazını bildirib.

Ə.Zeynallı bildirib ki,  məhkumların və təqsirləndirilən şəxslərin Bakı İstintaq Təcridxanasından məhkəmələrə gətirildikləri “voronok”ların durumu və Bakı Ağır Cinayətlər Məhkəməsinin müvəqqəti saxlanma məntəqələrindəki vəziyyət   insan haqlarına zidd, insanın şərəf və ləyaqətini alçaldan  şəkildədir. Bundan sonra baş redaktor məhkəmənin diqqətinə çatdırıb ki, o 10 ildir Azərbaycan mətbuatında baş redaktor kimi fəaliyyət göstərir və onun həbsi də jurnalistika fəaliyyəti ilə bağlıdır: “Siyasi hakimiyyət rəhbərlik etdiyim gündəlik “Xural” qəzetinin fəaliyyətini dayandırmaq və məni susdurmaq üçün üzümə deputatlarını və onların əl buyruqlarını qoyub. Müstəqil mətbuatın susdurulması naminə hakimiyyət öz kadrlarından – hakim YAP Siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovadan istifadə edib. Bu məhkəmə prosesi Azərbaycanın mətbuat tarixində ən yadda qalan və önəmli prosesi olacaq. Ona görə də məhkəmə prosesinin audio yazısının və video çəkilişlərin aparılması üçün icazə verilməsini sizdən xahiş edirəm”, – deyə vəsatət qaldıran Əvəz Zeynallı  bəyan etdi ki, bu vəsatət  təmin olunmayacağı təqdirdə özü və vəkilləri etiraz əlaməti olaraq məhkəmənin suallarına cavab verməyəcəklər.

“Artıq məhkəmənin gedişindən də bəllidir ki, yuxarılar mənim həbsimə qərar veriblər. Həbsimlə bağlı qərarı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev verib. Həbsimin planlaşdırılması və onun təşkili Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tərəfindən həyata keçirilib”, – deyə qeyd edən Ə.Zeynallı onu da bildirib ki, “Xural” qəzetinin fəaliyyəti zor gücü ilə dayandırıldıqdan dərhal sonra həm Ədliyyə Nazirliyi, həm də Respublika Prokurorluğu təqsirsizlik prezumpsiyası hüququnu pozaraq, məsələni siyasiləşdirmiş “Xural” qəzetinə və şəxsən ona qarşı qanunsuz, heç bir əsası olmayan bəyanatlar yayıblar.

Məhkəmənin bu dəfəki iclasında da Ə.Zeynallının və vəkilin qaldırdığı vəsatətlər 5 dəqiqəlik müşavirələrdən sonra təmin olunmayıb. Bundan sonra vəkil Rəşid Hacılı Əvəz Zeynallının ictimai xadim olduğunu sədrin nəzərinə çatdırdı və bildirdi ki, bu gün ölkənin 20 nəfərdən çox ictimai-siyasi xadimi, hüquq müdafiəçisi, xalq artisti baş redaktorun zaminə buraxılması ilə bağlı öhdəlik sənədini imzalayıblar: “Möhtərəm hakim, Əvəz Zeynallının jurnalistika fəaliyyətlə məşğul olmasını, onun cəmiyyət üçün heç bir təhlükə obyekti ola bilməyəcəyini, ailəsinin və yaxın qohumlarının Azərbaycanda yaşadığını nəzərə alaraq  müraciətlərə baxıb, baş redaktorun məhkəmə prosesi davam etdiyi müddətdə haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına əvəz edilməsinə dair qərar qəbul etməyinizi  xahiş edirəm”.

Vəkilin bu xahişi də hakim Ramella Allahverdiyeva tərəfindən etirazla qarşılandı və təmin edimədi. Daha sonra hakim prosesi iyunun 6-sı saat 15.00-a təyin etdi.

Qeyd edək ki, Ə.Zeynallı AR.CM-nin 311.3 maddəsi ilə haqqında cinayət işi açılandan sonra həbs edilsə də, məhkəmədə yalnız sonradan açılmış 306 və 213.1 maddələrlə bağlı zərərçəkmişlər iştirak ediblər. Deputat Gülər Əhmədovanın nümayəndəsi məhkəmədə iştirak etməyib.

Xatırladaq ki, “Xural” qəzetin baş redaktoru Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-cü  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

GEN MMC-nin EVSİZ QOYDUĞU UŞAQLAR 1 İYUN-da AKSİYA KEÇİRDİ

Next Post

AVROPA İTTİFAQI MÜSABİQƏ QALİBİ OLAN UŞAQLARI MÜKAFATLANDIRDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.