Bu gün (25 iyul) RATİ-nin mətbuat mərkzində “Təzyiqə məruz qalmış jurnalistlərin elektron məlumat bazası” nın təqdimat mərasimi keçirildi.
Bir il ərzində həyata keçirilmiş layihənin Azərbaycanda söz azadlığı uğrunda mübarizəyə həsr olunduğunu qeyd edən RATİ sədri Emin Hüseynov qismən də olsa, bu məqsədə çatdıqlarını söylədi: ”103 jurnalistin elektron anketi, video görüntüsü bu layihədə toplanılıb. Bura əlavə olaraq 20-30 nəfər jurnalistin adlarını daxil etmək istəsək də, onlar bundan imtina etdilər”.
E.Hüseynov layihənin Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros fondunun) Azərbaycan bölməsinin maliyyə dəstəyi ilə həyata keçirildiyini bildirdi.
Onun sözlərinə görə, əvvəlcədən anketlərin sayt və kitabça şəklində olunması nəzərdə tutulsa da, sonradan kitabça video görüntülərlə əvəz olunaraq Azərbaycan və ingilis dillərində irfs.az saytında yerləşdirilib.
RATİ-nin sədri jurnalistlərə qarşı təzyiqlərin əsasən hüquq-mühafizə orqanları tərəfindən edildiyini (95 %) vurğuladı, bu sıralamada növbəti yeri naməlum şəxslər (3%) və digər şəxslər (2%) tutur.
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros fondunun) Azərbaycan bölməsinin nümayəndəsi Rövşən Bağırov isə görülmüş işi təqdir edərək, bundan sonra da təmsil olunduğu qurumun RATİ-nin həyata keçirəcəyi layihələrə dəstək verəcəyini söylədi.
”Jurnalistlərə qarşı təzyiqlərin davam etməsi bizi bu kimi layihələrə dəstək verməyə sövq edir. Jurnalistlərin problemlərini öyrənmək üçün belə məlumat bazalarının yaradılması effektiv bir işdir. Hüquq sahəsində baş verən pozuntuların bu kimi üsullarla beynəlxalq təşkilatların diqqətinə çatdırılması qismən də olsa, təzyiqə məruz qalmış jurnalistlərə kömək etmək məqsədini daşıyır”.
BDU-nun jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli isə görulmüş işi ciddi informasiya bazası kimi dəyərləndirərək, bu bazanın gələcəkdə media sahəsində jurnalist araşdırmalarının aparılmasına töhfə verəcəyini bildirdi.
Habelə tədbirdə çıxış edən jurnalistlər – Üzeyir Cəfərov, Əvəz Zeynallı, Sərdar Əlibəyli, Rövşən Hacıyev və digərləri də həyata keçirilmiş layihədən razılıq edərək, RATİ-yə bundan sonrakı fəaliyyətində də uğurlar arzu etdilər.