Bu gün (25 iyul) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə "Azadlıq Hərəkatçıları" Birliyinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
Hakim əvvəlcə tərəflərdən vəsatətlərinin olunb-olmamasını soruşdu və məlum oldu ki, tərəflərin heç bir vəsatəti yoxdur. Bundan sonra iddiaçı – "Azadlıq Hərəkatçıları" Birliyinin sədri Təhmasib Novruzov çıxış etdi. Çıxışı zamanı o iddiasının əsaslı olduğunu və “Azadlıq” qəzetinin indiki kollektivdən alınmasını bildirdi. Novruzovun sözlərinə görə qəzetin son illərdəki fəaliyyəti ona və digər hərəkatçılara iztirablar verib və o artıq bu iztirablara dözməyərək qəzeti məhkəməyə verib. o həm AXC-nin, həm də “Azadlıq” qəzetinin yaradıcılarından olduğunu da iddia etdi.
Çıxışdan sonra cavabdeh tərəf – “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov və qəzetin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov Novruzova suallar verdilər.
Çıxışdan sonra cavabdeh tərəf – “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov və qəzetin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov Novruzova suallar verdilər.
Əhmədov “Azadlıq” qəzetinin yaranması, qəzet üçün nəzərdə tutulan adların tarixçəsi, qəzetin ilk gündən indiyə qədər fəaliyyəti (baş redaktorların kimliyi, hansı mətbəələrdə çap olunması) , qəzetin əldə etdiyi nailiyyətlər və s. barədə suallar versə də, Novruzov həmin sualların demək olar ki, heç birinə cavab verə bilmədi. sualları verdikdən sonra Əhmədov qeyd etdi ki, qəzetin yaradıcısı olduğunu iddia edən şəxs bu sualların cavablarını bilməli idi.
Sadıqov Novruzovdan onun AXC-nin təsisçisi olub-olmamasını soruşdu, Novruzov AXC-nin təsisçisi olduğunu bildirdi. Sonradan vəkil “bunu hansı sənədlə sübut edə bilərsiniz” sualını verdi, Novruzov isə bir neçə dəqiqə ərzində əlindəki qovluqda sənədlərə baxdıqdan sonra hakimə heç bir sənəd təqdim edə bilmədi və şifahi şəkildə dedi ki, onun adı təsisçi kimi “Azadlıq” qəzetinin ilk sayında göstərilib. Novruzov növbəti məhkəmədə onun AXC-nin təsisçisi olduğunu göstərən sənədin təqdim olunacağını vurğuladı.
Buna cavab olaraq Sadıqov T.Novruzovun AXC-nin təsisçisi deyil, AXC-nin Ağdam Məclisinin üzvü olduğunu göstərən sənədi hakimə və qarşı tərəfə təqdim etdi. Vəkil başqa sualının olmadığını bildirdi.
Hakim özünü pis hiss etdiyini və buna görə də məhkəməni təxirə salmaq məcburiyyətində qaldığını elan etdi. Beləliklə, növbəti proses 01 avqust saat 14.30-da keçiriləcək.
*Ötən proses zamanı hakim iddiaçı tərəfin nümayəndələrinin etirazını əsas tutaraq, foto və video çəkilişin aparılmasının qadağan edilməsi barədə qərar çıxarmışdı. Bu gün Novruzov çıxışına başlamazdan əvvəl foto və video çəkilişin aparılmasına etiraz etmədiyini bildirdi və bunu hakimdən nəzərə almağı xahiş etdi. RATİ növbəti proseslər zamanı foto və video çəkiliş aparmaq üçün yenidən hakimə müraciət edəcək.