Dünən (01 sentyabr) Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Heydər Əsədov və "Azəriqaz" QSC-nin sədri Əlixan Məlikova qarşı vəzifəli şəxslərin hərəkətsizliyinə dair iddiası əsasında başıanmış məhkəmə prosesi yekunlaşıb.
Bu barədə məlumat RATİ-yə Ağazadənin özü tərəfindən verilib.
Ağazadə hər üç vəzifəli şəxsə informasiya sorğusu ilə müraciət edərək Hesablama Palatasının Maliyyə Nazirliyi ilə birgə "Azəriqaz" QSC-də apardığı auditin nəticələrinə uyğun olaraq tərtib olunmuş Audit Aktının sürətini istəyib. Lakin adı cəkilən şəxslər Audit Aktının sürətinin verməkdən imtina ediblər və sorğulara bir-birinə zidd cavablar yazıblar. Jurnalist məhkəməyə müraciət edərək sorğunun cavablandırılmasının təmin edilməsini istəmişdi.
Məhkəmədə maliyyə naziri Samir Şərifovu nazirliyin sektor müdiri Nazim Abbasov və hüquq şöbəsinin hüquqşunası Anar Əsədov, Heydər Əsədovu Hesablama Palatası dövlət qulluğu və hüquq şöbəsinin müdiri Faiq Nəcəfov, Əlixan Məlikovu isə "Azəriqaz" QSC- nin hüquqşunası Anar Rüstəmov təmsil edib.
Məhkəmə prosesində jurnalistin verdiyi suallar nəticəsində məlum olub ki, dövlət zəmanəti ilə alınmış kreditlər hesabına həyata kecirilmiş "Azərbaycan qaz sisteminin reabilitasiyası" layihəsi üzrə Hesablama Palatasının Maliyyə Nazirliyi ilə birgə apardığı audit zamanı "Azəriqaz"da ciddi maliyyə pozuntuları aşkarlanıb. Məhkəmə prosesində məlum olub ki, qüsürlar o qədər ciddi olub ki, Hesablama Palatası nəzarət tədbirinin nəticələri barədə ölkə prezidentinə məruzə etmək məcburiyyətində qalıb. Elə aktın da verilə bilməməsinə səbəb orada ciddi maliyyə pozuntularının əks olunmasıdır.
Bununla belə məhkəmə Ağazadənin iddiasının təmin olunmaması barədə qətnamə çıxarıb. Jurnalistin sözlərinə görə, qətnamədən apellyasiya şikayəti veriləcək.