EMİN HÜSEYNOVUN İDDİASI ÜZRƏ APELLYASİYA MƏHKƏMƏSİNİN QƏRARINDAN KASSASİYA ŞİKAYƏTİ VERİLƏCƏK

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Gündüz Quliyevin sədrliyi ilə RATİ-nin sədri Emin Hüseynovun Nəsimi rayon Məhkəməsinin qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Xəbər verdiyimiz kimi, Emin Hüseynovun Daxili İşlər Nazirliyi, Nəsimi rayon Polis İdarəsi və bu idarənin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia Nəsimi rayon Məhkəməsinin hakimi İkram Şirinov  tərəfindən çıxarılan qərardadla geri qaytarılmışdı. Qərardadda qeyd edilirdi ki, "iddiaya xüsusi deyil, ümumi qaydada baxılmalıdır, cavabdehlərin hər birindən 50 000 AZN olmaqla, ümumilikdə 150000 AZN təzminat tələb olunur, iddia ərizəsindəki bu xüsusat xüsusi qaydada deyil, ümumi icraatda araşdırılmalıdır".

Məhkəmə zamanı Hüseynovun nümayəndəsi kimi çıxış edən vəkil Elçin Sadıqov Nəsimi rayon Məhkəməsinin qərarını qeyri-qanuni adlandırdı və iddia ərizəsinin xüsusi qaydada verilməsini qanunauyğun olduğunu bildirdi. Sadıqovun sözlərinə görə, Mülki-Prosessual Məcəllənin 286.5-ci maddəsində bildirilir ki, xüsusi iddia icraatı qaydasında verilən ərizədə əmlak tələbləri göstərilə bilər. “İddia ərizəmizdə 150 000 AZN təzminat tələb etməyimiz də bizim əmlak tələbimizdir”, – deyə Sadıqov qeyd etdi.

Bundan sonra hakim qısamüddətli fasilə elan etdi (fasilənin səbəbi məlum olmadı). Fasilədən sonra hakim xüsusi iddia icraatı zamanı sübutetmənin cavabdehin üzərinə düşdüyünü, iddia ərizəsində maddi və mənəvi zərərin isə iddiaçı tərəfindən sübuta yetirilməli olduğunu söylədi və buna görə də iddianın ümumi icraat qaydasında verilməli olduğunu dedi. E.Sadıqov isə yenidən 286.5-ci maddəyə istinad edərək, xüsusi iddia icraatı qaydasında verilən ərizələrdə əmlak tələblərinin göstərilməsinin qanunvericiliklə mümkün olduğunu vurğuladı.

Hakim qısa müşavirədən sonra şikayətin təmin edilməməsi və Nəsimi rayon Məhkəməsinin qərarının qüvvədə qalması ilə bağlı çıxardığı hökmü elan etdi. Qərardan kassasiya şikayəti veriləcək.

*RATİ məhkəmə zalında foto və video çəkiliş aparılması üçün hakimə yazılı müraciət etsə də, çəkilişə icazə verilmədi.

Previous Post

MƏHKƏMƏ JURNALİSTİN İDDİASINI TƏMİN ETMƏYİB

Next Post

HAKİMİYYƏT BİRBAŞA PEYK YAYIMINA QADAĞA QOYUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.