Müstəqil QHT-lərin fəaliyyətinə təhlükə olan yeni qanunun qarşısının alınması üçün təcili tədbirlər görülməlidir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) QHT-lərin fəaliyyətini kəskin şəkildə məhdudlaşdıran və onların davamlı fəaliyyətinə təhlükə yaradan qanun dəyişikliyinin Milli Məclisdə qəbul edilməsini pisləyir. RATİ ölkədə onsuz da ağır olan insan hüquqları durumunun daha da pisləşməsinin qarşısını almaq üçün prezidenti bu dəyişikləri imzalamaqdan imtina etməyə çağırır.  

“Hökumətin tənqidi səsləri susdurmaq cəhdləri davam etdikcə, demokratiya və insan haqları sahələrində çalışmağa daha az QHT meyl göstərir. Qəbul olunmuş bu düzəlişlər imzalanaraq qüvvəyə minərsə, bu yerli vətəndaş cəmiyyətinə böyük zərbə olacaq”,- deyə RATİ direktoru Emin Hüseynov bildirib.

Belə ki, parlamentin fevralın 15-də keçirilən iclasında deputatların səs çoxluğu ilə “Qrantlar haqqında”,“Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanunlara dəyişiklik edib. Dəyişikliklər qüvvəyə mindiyi təqdirdə QHT-lər istər nəğd, istərsə də köçürmə yolu ilə qrant haqqında müqavilə, yaxud qərar olmadan heç bir maddi vəsait qəbul edə bilməyəcək və  müqavilə, qərar olmadan 200 manatdan yuxarı maliyyə alınarsa, əmlak müsadirə olunmaqla yüksək cərimələr tətbiq ediləcək və bu, hökumətə istənilən QHT-ni cəmi bir neçə günə bağlamaq imkanı verəcək.

RATİ bəyan edir ki, bu addım qarşıdan gələn prezident seçkiləri ərəfəsində hökumətin birləşmək, toplaşmaq və ifadə azadlıqlarını məhdudlaşdırmaq üçün həyata keçirdiyi sistemli təzyiqlərin tərkib hissəsidir. Son bir neçə ayda hökumətin bu istiqamətdə əl atdığı tədbirlərə sərbəst toplaşmaq azadlığına qadağalar, bununla bağlı irihəcmli cərimələrin tətbiqi, kütləvi həbslər,  QHT-lərə nəinki regionlarda, hətta artıq Bakıdakı otellərdə konfransların keçirmələrində süni maneələr, cəmiyyətdəki neqativ halları ictimaiyyətə çatdıran tənqidçi mediaya qarşı xəbərdarlıqlar və s. misal göstərmək olar.

RATİ hökuməti müstəqil vətəndaş cəmiyyətinə edilən təzyiqlərə son qoymağa, ölkə prezidentini parlamentin qəbul etdiyi mürtəce əlavə və dəyişiklikləri təsdiqləməməyə çağırır.

Previous Post

Bəyanat: Azərbaycanda onlayn ifadə azadlığını məhdudlaşdırmağa cəhdlər davam edir

Next Post

“RadioForum” internet radiosu fəaliyyətə başlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.