
Bakı Apellyasiya Məhkəməsi “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublunu ev dustaqlığına buraxmaqdan imtina edib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) jurnalistin vəkili Akif Əlizadə məlumat verib. “Tofiq Yaqublunun apellyasiya şikayətinə martın 14-də baxılıb və Nəsimi rayon məhkəməsinin 5 mart 2013-cü il tarixli qərarını qüvvədə saxlayıb. Biz bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”,-deyə vəkil bildirib.
Qeyd edək ki, Tofiq Yaqublu barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün Nəsimi Rayon Məhkəməsinə vəsatət verilmişdi. Ancaq Nəsimi Rayon məhkəməsi vəsatəti təmin etməmişdi.
Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.