Beynəlxalq təşkilatlar Əvəz Zeynallıya barəsində çıxarılan hökmü pislədi

Jurnalistlərin Müdafiəsi Komitəsi, Amnesty İnternational və Sərhədsiz reportyorlar təşkilatı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyiblər. Jurnalistlərin Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidentinə açıq məktub yazaraq ifadə azadlığı və ümumilikdə insan hüquqlarının pozulması ilə bağlı narahatlığını ifadə edib.  Amnesty İnternational təşkilatı yaydığı bəyanatda  bildirib ki, Əvəz Zeynallının məhkəməsi ədalətsiz olub, ona qarşı irəli sürülən ittihamlar siyasi motivlidir, bu səbəbdən də hakimiyyət jurnalistin işinə təkrar və qərəzsiz baxılmasını təmin etməli, o, azadlığa buraxılmalıdır.

Bəyanatda o da vurğulanır ki, müstəqil jurnalistin həbs olunması vətəndaş cəmiyyəti fəallarına, QHT-lərə və jurnalistlərə qarşı davam etməkdə olan repressiyaların göstəricisidir.

Sərhədsiz Reportyorlar təşkilatının  yaydığı bəyanatda  “Zeynallının işinin siyasi motivli olduğu və bu cəzanın digər oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində digər jurnalistlərə xəbərdarlıq edildiyi deyilir.  Bəyanatda o da qeyd edilib ki, Azərbaycanın hüquq sistemi müstəqildirsə, apellyasiya mərhələsində iş bağlanmalıdır.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsi 12 mart 2013-cü il tarixində jurnalistin 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Jurnalistin müdafiəsi ilə bağlı növbəti aksiya keçirilib

Next Post

Apellyasiya məhkəməsi də jurnalisti həbsdən buraxmadı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.