Quba jurnalistləri şərti azadlığa buraxıldı

Martın 15-də Xaçmaz rayon məhkəməsində hakim Anar İbrahimovun sədrliyi 2012-ci il martın 1-də Qubada baş vermiş iğtişaşlara görə həbs edilmiş “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, telekanalın baş redaktoru Zaur Quliyev və digərlərinin cinayət işi üzrə  keçirilən məhkəmə prosesində hökm oxunub.

Məhkəmə “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov və telekanalın baş redaktoru Zaur Quliyevin 3 il şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Zaur Quliyevin vəkili Elçin Sadıqov məlumat verib.  “Hər iki jurnalist irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Cinayət Məcəlləsinin 76-cı maddəsini (76.1. Məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrəməhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər) tətbiq edərək jurnalistlərin 3 il müddətinə şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarıb”,-deyə Sadıqov qeyd edib.

Vəkil onu da əlavə edib ki, jurnalistlər özlərini irəli sürülmüş ittiham üzrə təqsirli hesab etmədiyi və onlara bəraət verilməsini istədikləri üçün bu hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2012-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları R. Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. İcra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində regional “Xəyal TV”-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini həbs edilib. Jurnalistlərə qarşı 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Previous Post

Apellyasiya məhkəməsi də jurnalisti həbsdən buraxmadı

Next Post

“Gündəlik Bakı” qəzetinin baş redaktoru bıçaqlanıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.