Aprelin 3-də Ali Məhkəmədə hakim Zakir Quliyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinin “Gilan” konserv zavodunun məhkəmə iddiasına qarşı kassasiya şikayətinə baxılıb. Bu barədə aprelin 4-də “musavat.com” internet saytında məlumat verilib. Məlumatda qeyd olunur ki, hakim Z. Quliyev tərəfləri dinləyib və kassasiya şikayətini təmin etməyərək əvvəlki instansiyaların çıxardığı 50 min manatlıq cərimə qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, iyulun 31-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Xaliq İmanovun sədrliyi ilə “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin “Yeni Müsavat” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Prosesdə hakim Xaliq İmanov qəzetə qarşı iddianı qismən təmin edərək “Yeni Müsavat” 50 min manat cərimələmişdi. İddiaya səbəb “Gilan Qəbələ Konserv Zavodu” MMC “Yeni Müsavat” qəzetində 2009 ildə dərc olunmuş “Jalə 100 faiz təbii şirə deyil” məqaləsinə görə qaldırılmışdı. Bakı Apellyasiya Məhkəməsi 14 noyabr 2012-ci il tarixində qərardan verilən apellyasiya şikayətini təmin etməyərək, “Yeni Müsavat”qəzetinə qarşı çıxarılmış 50 min manatlıq cərimə qərarını qüvvədə saxlayıb.