Fərəməz Novruzoğlunun apelyasiya şikayəti təmin edilməyib

sx_400218768_dp

Bu gün (2 aprel) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə jurnalist Fərəməz Novruzoğlunun  (Allahverdiyev) Nizami rayon Məhkəməsinin 22 avqust 2012-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. “Jurnalist 2010-cu ilin noyabr ayından 2011-ci ilin oktyabr ayınadək ölkə sərhədlərini qanunsuz olaraq keçməyib. O bu müddət ərzində Bakıda yaşayıb. Bundan başqa o, 2011-ci ilin sentyabrın 12-də Naxçıvanda olarkən, Bakıdan gələn  bir qrup hüquq müdafiəçiləri və jurnalistlərlə də görüşüb və RATİ əməkdaşı Həkimeldostu Mehdiyevin Şərur rayonunda keçirilən məhkəmə iclasında iştirak edib. Bunu həmin tarixdə RATİ tərəfindən çəkilən foto və videogörüntülər də sübut edir”,-deyə  vəkil Fariz  Namazlı məhkəmədə bildirib.

F. Namazlı məhkəmə həmin videomaterialda jurnalistlə danışdığı aydın görünən  vəkil Əsabəli Mustafayev, RATİ sədri Emin Hüseynov, jurnalist İdrak Abbasov, Şahvələd Çobanoğlu və Əfqan Muxtarlının şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatət verib.

Məhkəmə tərkibi yerindəcə müşavirə edərək, vəsatətin təmin edilmədiyini bildirdi. Buna etiraz edən Fərəməz Novruzoğlu prosesdə iştirak etməkdən imtina etdiyini deyərək, zalı tərk etmək istədiyini bildirdi.

Müşavirəyə gedən məhkəmə tərkibi qısa sürən müşavirədən sonra Nizami rayon Məhkəməsinin çıxardığı qərarın olduğu kimi saxlanılması barədə qərar elan etdi.

Məhkəmədən sonra vəkil  F. Namazlı RATİ-yə müsahibəsində verilən qərardan kassasiya şikayəti veriləcəyini dedi.

Xatırladaq ki, Nizami rayon Məhkəməsinin 22 avqust 2012-ci il tarixli hökmü ilə  F.Novruzoğlu  Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə – güya F.Novruzoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyası ərəfəsində facebook sosial şəbəkəsində Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa dəvət edib, özünü isə aksiya zamanı yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə – guya F.Novruzoğlu 2010-cu ilin noyabrından  2011-ci ilin oktyabr ayına qədər qanunsuz olaraq Azərbaycan Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.  Habelə üzərinə Nərimanov rayon Məhkəməsinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə  1350 manat məbləğində çıxarılmış cərimə qərarının icrası, son məhkəmə prosesi ilə bağlı çəkilmiş 70 manatlıq ekspertiza xərclərinin ödənilməsi öhdəliyi də qoyulub.

Previous Post

ANS-in “Yeni Müsavat”a qarşı məhkəməsi başlayıb

Next Post

“Yeni Müsavat ” qəzetinin kassasiya şikayəti təmin edilməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.