Aprelin 10-da ATV İnternational” kanalının “Azad Azərbaycan” (ATV) televiziya kanalından ayrılması və başqa qurumun tabeliyində, fərqli adla fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransı keçirilib. Bu barədə apa informasiya agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, ATV-nin prezidenti Vüqar Qaradağlı deyib ki, “ATV İnternational”-ın maliyyələşməsində problemlər yaranıb. O, kanalın maliyyələşməsi ilə bağlı təklifin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəyərləndirildiyini söyləyib. V. Qaradağlı qeyd edib ki, bundan sonra “ATV İnternational” SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək.
ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov bildirib ki, təmsil etdiyi qurum bir sıra sosial layihələr həyata keçirir: “Bizim şirkət təkcə ölkədə deyil, dünyanın bir sıra dövlətlərində beynəlxalq layihələr həyata keçirir. Bu səbəbdən də qərar gəldik ki, prosesə media dəstəyi də verilsin. Beləliklə, satışa çıxarılan “ATV İnternational”ı almaq qərarına gəldik. SOCAR Media İctimai Birliyinin ARDNŞ qarşısında hər hansı öhdəliyi yoxdur. Sadəcə qurum sosial layihə kimi fəaliyyət göstərəcək”.
X. Məmmədov qeyd edib ki, kanal qeyri-kommersiya təşkilatıdır və ayrılan qrant hesabına büdcəsi formalaşdırılacaq. Kanala jurnalist Azər Xəlilov rəhbərlik edəcək.
Məlumatda qeyd edilir ki, “ATV İnternational” televiziya kanalı direktoru Azər Xəlilov deyib ki, bundan sonra “ATV İnternational” televiziya kanalı “CBC” (Caspian Broadcasting Company) adlandırılacaq. Kanal milli ideya, tolerantlıq ideologiyası əsasını üstün tutacaq və Azərbaycanın beynəlxalq təbliğatına yer ayıracaq. A. Xəlilov bildirib ki, hazırda kanalda fars, erməni, rus, ingilis dillərində yayımlanır və bu proses davam edəcək.
Xatırladaq ki, MTRŞ 2 aprel tarixində keçirdiyi iclasında “Caspian İnternational Broadcasting Company” MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya)verilməsi barədə qərar qəbul edilmişdir. Ancaq MTRŞ nümayəndəsi mediaya verdiyi açıqlamada televiziyanın ARDNŞ tərəfindən aldığını təkzib edirdi.