MTRŞ lisenziyaların verilməsində hamı üçün bərabər imkanlar yaratmalıdır

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Televiziya və Radio Şurası tərəfindən Nəqliyyat Nazirliyinin “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə 6 il müddətinə yayım lisenziyasının verilməsi barədə qərarını pisləyir. Yayım üçün lisenziyaların verilməsində şəffaflığın olmaması ölkədə media plüralizmi mühitinə ağır zərbədir. RATİ bu səbəbdən MTRŞ-nı sözügedən qərarı ləğv etməyə, lisenziyaların verilməsini ədalətli və şəffaf əsaslarla həyata keçirməyə çağırır.

“MTRŞ-nin 107.7 MHz tezliyinin verilməsi haqqında qərarında siyasi marağın olduğu hiss olunur. Bu isə Azərbaycanın Avropa Şurasına qoşulmasından bəri ölkədə media azadlığı və plüralizm sahəsində vəziyyətin daha da pisləşdiyinin göstəricisidir. Bütün bunlar MTRŞ-nin praktikada geniş lisenziyalaşdırma səlahiyyətinə malik olduğunu, hökumətin isə Avropa Şurası qarşısındakı öhdəlikləri yerinə yetirmək niyyətində olmadığını göstərir” deyə RATİ direktoru Emin Hüseynov bildirib.

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə 107.7 MHz tezliyində radio yayımlamaq üçün 6 il müddətinə müsabiqədənkənar lisenziyanın verilməsi haqqında qərar Azərbaycan hökumətini “ dövlət yayımçısı olan AzTV-ni özəlləşdirmə prosesini sürətləndirməyə, bu prosesi şəffaf və ədalətli həyata keçirməyə, son olaraq kanalın tam özəlləşdirilməsini təmin etməyə, eyni zamanda, bu kanala balanslı və qərəzsiz xəbər yayımını, müxalifətin mediaya çatımlılığını təmin edən ictimai yayımçı xarakteri verməyə” çağıran 1456 (2005) saylı AŞPA qətnaməsi ilə birbaşa ziddiyyət təşkil edir.

Avropa Şurasının tələblərinə zidd olaraq, bu quruma üzv seçiləndən sonra Azərbaycanda AZTV-nin nəzdində daha iki dövlət yayımçısı İdman TV və Mədəniyyət TV açıldı ki, bu da həm teleradio yayımı haqqında milli qanunun, həm də beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulması deməkdir.

RATİ eyni zamanda media qurumlarının rəhbərləri haqqında informasiyanın şəffaf olması məsələsinə məhəl qoyulmamasından da narahatlıq hissi keçirir.

Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti  faktiki olaraq özəl yayımçıdan, yəni ATV-dən, ATV İnternational kanalını alıb və  yeni kanal -Caspian İnternational Broadcasting Company adı altında MTRŞ-dan 6 illik lisenziya alıb. ARDNŞ bu kanalın idarəetməsini SOCAR Media İctimai Birliyinə verib. Bu da onu göstərir ki, bu kanalın yayımı dövlətin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Hökumət MTRŞ vasitəsi ilə yayım mediasına tam nəzarət etdiyi üçün yayımçıların lisenziyalaşdırılması prosesi siyasi motivli, qərəzli və qeyri-şəffaf olaraq qalır. MTRŞ prezident tərəfindən təyin olunan 7 üzvdən ibarət olub birbaşa dövlət büdcəsindən maliyyələşdirilir.

Azərbaycanın 9 milli televiziya kanalı “yuxarıdan aşağı” prinsipi əsasında birtərəfli fəaliyyət göstərir, yəni yalnız dövlət məlumatları vətəndaşlara çatdırılır. Milli telekanallarında yayımlanan xəbərlər prezident aparatı tərəfindən tənzimləndiyi üçün bir-birinə oxşar olur. Lakin bu nəzarət forması məcburi xarakterli deyil, belə ki, televiziya kanallarının rəhbər şəxsləri ölkənin hakim rejimə yaxın olan siyasi elitasının nümayəndələridir.

RATİ Azərbaycan hökumətini beynəlxalq qurumlar, ən əsası isə öz vətəndaşları qarşısında götürdüyü öhdəliklərə əməl edərək media sahəsindəki acınacaqlı durumu yaxşılaşdırmaq üçün aşağıdakı addımları atmağa çağırır:

  • Teleradio yayımı üçün tezliklərin sadələşdirilmiş lisenziyalaşdırma prosesi əsasında, ədalətli və şəffaf qaydada bölüşdürülməsini təmin etmək məqsədi ilə müstəqil yayım tənzimləyici qurum yaradılsın
  • Media qurumlarına sahibliyin müəyyən şəxslərin əllərində cəmlənməsinə cavab olaraq, hüquqi və tənzimləyici tədbirlər vasitəsilə media qurumlarının rəhbərləri barədə məlumatlarda şəffaflıq təmin olunsun. Hansı yayımçının kimə məxsus olması və ya kimin təsir dairəsində olması haqqında məlumat həm media tənzimləyiciləri, həm də adi vətəndaşlar üçün çatımlı olmalıdır
  • BBC, Azadlıq Radiosu və Amerikanın Səsi də daxil olmaqla xarici yayımçıların milli tezliklərdə yayımlanmasını qadağan edən qərar ləğv olunsun
  • Hökumətin deyil, cəmiyyətin maraqlarına xidmət edən ictimai yayımçının inkişafına şərait yaradılsın.

Previous Post

“ATV İnternational” televiziyasını ARDNŞ alıb

Next Post

Hökumət vətəndaş cəmiyyətinə qarşı repressiyaya son qoymalıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.