Mingəçevir şəhərində fəaliyyət göstərən gənc blogger Nilufər Məhərrəmova mayın 8-də yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atıb və dünyasını dəyişib. Bu barədə “Yeni Müsavat” qəzetinin internet saytında məlumat verilib. Müsavat qəzetinin verdiyi məlumata görə gənc bloggerə yazdığı yazılara görə təzyiqlər edilirmiş və hətta polisdə döyülməsi barədə iddialar da var. Qız ilə ailəsi arasında baş verənlər üçün mübahisələr yarandığı da məlumatda qeyd olunur.
Azadlıq qəzetinin verdiyi məlumata görə Mingəçevir Polis İdarəsinin rəisi Ələsgər Bədəlov polisin bloggerə təzyiq etməsi ilə bağlı məlumatları təkzib edib və bildirib ki, onun blogger olmasından xəbərsiz olub.
Məsələ ilə rəsmi açıqlamasında Baş Prokurorluq Məhərrəmovanın ölümündən qabaq polisə çağırılaraq təzyiqə məruz qalmasını təkzib edib. Prokurorluğun məlumatına görə ilkin araşdırma göstərib ki, Məhərrəmova yaşadığı binanın pəncərəsindən özünü ataraq intihar edib. lakin bu məsələ bəzi kütləvi informasiya vasitələri tərəfindən siyasiləşdirilib.