Azadlıq qəzeti borcunun ödənilməsi tələbi ilə bağlı aksiya keçirib

64615_443687549062117_175375820_n
İyulun 19-da “Azadlıq” qəzetinin əməkdaşları “Qasid” mətbuat yayımı firmasının ofisi qarşısında “Azad mətbuatı boğanlara ar olsun!”, “Azadlıq” “Qasid”in əli ilə boğulur!”, “Pulumuzu tələb edirik!” şüarları altında  etiraz aksiyası keçirib. “Azadlıq” qəzetinin  baş redaktorun birinci müavini Rahim Hacıyev aksiyanın keçirilməsində məqsədin “Qasid” mətbuat yayımı firmasının “Azadlıq” qəzetinin satılmış nüsxələrinin pulunun ödəməməsi olduğunu bildirib.
“Yalnız çox cüzi ödəmələr olub, nəticədə firmanın qəzetə olan borcu 45 000 (min) manat olub. Bu vaxta qədər firmanın rəhbərliyi ilə görüşlərimiz heç bir müsbət nəticə verməyib. Təəssüf ki, səylərimizin müsbət nəticəsi yoxdur. “Qasid” bir hökumət müəssisəsidir, təəssüf ki, məhz Azərbaycan hakimiyyətinin “Azadlıq” qəzetinə qarşı olan siyasəti özünü “Qasid” firmasının bizimlə münasibətində açıq şəkildə göstərir. Azərbaycan hakimiyyəti istəsəydi, bu problem çoxdan öz həllini tapardı.
Firma partnyor münasibətlərində olduğu təşkilatlara vaxtlı-vaxtında ödənişlər edir, yalnız qəzetimizə qarşı belə münasibət var və bu da təsadüfi deyil. Üzərimizdə bu gün 62 000 (min) manatlıq məhkəmə cəriməsi var, bundan əlavə MN qəzeti məhkəməyə verib və 100  000 (min) manat tələb edirlər. “Qasid” firmasının “Azadlıq” qəzetinə qarşı olan borcunu ödəməməsi nəticəsində qəzetin nəşriyyata 20 000 (min) manat məbləğində borcu yaranıb və nəşriyyat artıq bizə borcun ödənilməyəcəyi təqdirdə qəzetin çapının dayandırmaqla bağlı xəbərdarlıq edib”,-deyə Hacıyev qeyd edib.
“Azadlıq” qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu baş verənləri siyasi hiylə hesab etdiyini qeyd edib.
“Bilirsiniz ki, “Qasid” firmasının rəhbəri Yeni Azərbaycan Partiyasının önündə olan adamlardandır. Eyni zamanda şirkət dövlətin nəzarətindədir. Bir ildən çoxdur ki, biz pulumuzu tələb edirik və bu problem həll olunmur, əksinə artır. Bütün bunlar ancaq qəzetimizin fəaliyyətini boğmaq məqsədini daşıyır”,-deyə Şahvələd Çobanoğlu əlavə edib.
Daha sonra “Qasid” mətbuat yayımı firmasının nümayəndəsi “Azadlıq” qəzetinin təmsilçilərini firmanın sədr müavini Ağəli İsmayılovun qəbuluna aparıb. Nümayəndə jurnalistlərin bu qəbulda olmasına etirazını bildirsə də, R. Hacıyev onların iştirakı olmadan firmanın sədr müavini ilə görüşməyəcəyini deyib.
“Qasid” mətbuat yayımı firmasının sədr müavini Ağəli İsmayılov qəzet təmsilçilərinə və mətbuat nümayəndələrinə qəzetə borcun çox olduğunu və razılaşmaya görə  borcun 20 000 (min) manatı “Azərbaycan” nəşriyyatına ödənildiyini, bir hissəsinin də qəzetə ödənildiyini bildirib.
“Amma buna baxmayaraq, bu gün bizim  “Azadlıq” qəzetinə satılan qəzetlərdən  39 000 (min) 196 manat  borcumuz var və bunu qəbul edirik. Lakin mövsümlə əlaqədar olaraq, satışlarda durğunluq yarandığından məlum problemlə qarşılaşmışıq. Ona görə də borcu sentyabr ayında hissə-hissə  ödəməyi planlaşdırırıq”- deyə A. İsmayılov qeyd edib.
“Azadlıq” qəzetinin  baş redaktorun birinci müavini Rahim Hacıyev  problemin çözülməyəcəyi təqdirdə, məhkəməyə müraciət edəcəklərini deyib.
Previous Post

Elmar Hüseynovun xatirəsi unudulmur

Next Post

Media Hüququ İnstitutu: Medianın durumu ağırlaşır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.