Media Hüququ İnstitutu: Medianın durumu ağırlaşır

1069357_443765052387700_1310790710_n

İyulun 19-da Media Hüququ İnstitutu 2013-cü ilin birinci yarısı üçün medianın azadlığı ilə bağlı  aparılan monitorinqin nəticələrini əks etdirən hesabatın təqdimatını keçirib. Hesabatda media azadlığı ilə bağlı vəziyyətin yaxşılaşmadığı, əksinə bəzi sahələr üzrə daha da pisləşdiyi qeyd olunur. Hesabat 5 sahə üzrə (“İctimai məlumatlara çatımlılığın durumu”, “Mediaya qarşı məhkəmə iddiaları”, “Jurnalistlərin həbsi, digər cinayət cəzaları, ittihamlar”, “Mediaya qarşı fiziki və psixoloji təzyiqlər”, “Teleradio yayım”) aparılan araşdırmanı əhatə edir.

Media Hüququ İnstitutunun layihə meneceri Xalid Ağaliyev bildirib ki, jurnalistlər informasiyaya çatımlılıq problemi ilə üzləşiblər, müxtəlif qurumlara göndərilən 50 informasiya sorğusundan 19-na cavab verilib, 20 hal üzrə jurnalistlər informasiya sorğusuna cavab verilməməsi ilə bağlı məhkəmələrə müraciət ediblər ki, bu iddiaların heç biri təmin olunmayıb.

“Dövlət orqanlarında on-line şəffaflıq məsələsi də böyük narazılıq doğurur ki, orta hesabla bu, 25%-dən az təşkil edir. Bu o deməkdir ki, onlar açıqlanma üçün nəzərdə tutulan məlumatların yalnız dördə birini sayta çıxarırlar. Büdcə vəsaitlərinin xərclənməsi və digər maliyyə fəaliyyəti barədə məlumatlar bir qayda olaraq açıqlanmır”, -deyə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirib.

Hesabatda jurnalistlərin və KİV-lərin məhkəmə təqiblərinin davam etdiyi, KİV-lərdən 36 iddia üzrə 2,6 milyon manat tələb olunduğu və bunun da əsasən “Azadlıq”, “Yeni Müsavat” qəzetləri ilə bağlı olduğu, 10 on-line nəşrdən isə 720 min manat istənilməsi qeyd olunub.

“Hakimiyyət diffamasiyadan müdafiə haqqında qanunun mahiyyətini təhrif edib. Belə ki, MHİ ekspertlərinin iştirakı ilə hazırlanmış ilkin variantda diffamasiyaya görə cinayət cəzasının ləğvi və mənəvi zərərə görə kompensasiyanın məhdudlaşdırılması nəzərdə tutulurdu. Lakin Venesiya komissiyasına göndərilən ekspertizada hər iki təklif çıxarılıb.  Eyni zamanda 7 jurnalist mühakimə olunub və ya barələrində hökm gözlənilir: “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı, müstəqil jurnalist Fərəməz Allahverdiyev (Novruzoğlu), Ucar rayonundan jurnalist Fuad Hüseynov, “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədov, “Yeni Müsavat” qəzetinin şərhçisi Tofiq Yaqublu, azadxeber.org saytının redaktoru Nicat Əliyev,xeber44.com saytının redaktoru Araz Quliyev”,-deyə hesabatda qeyd edilir.

 Həmçinin hesabatda, Quba televiziyasından jurnalistlər Vüqar Qonaqov və Zaur Quliyev, həmçinin “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri  cinayət cəzasına məhkum edildiyi, RATİ-nin reportyoru Mehman Hüseynova qarşı cinayət  işinin açıq qaldığı , internet bloggerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadənin həbs olunduğu qeyd edilib.

Hesabatda mövcud problemlərin həlli üzrə tövsiyələr irəli sürülüb: informasiya əldə olunmasında məhdudiyyətlərin aradan qaldırılması; dövlət orqanlarında şəffaflığın artırılması; diffamasiyaya görə cinayət cəzasının ləğvi, Avropa məhkəməsi presedentlərinin tətbiqi; şübhəli ittihamlarla həbs olunmuş jurnalistlərin azadlığa buraxılması; jurnalistlərə fiziki hücum faktlarının araşdırılması və s.

Previous Post

Azadlıq qəzeti borcunun ödənilməsi tələbi ilə bağlı aksiya keçirib

Next Post

Azad mətbuata təzyiqlərə son qoyulmur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.