Elmar Hüseynovun xatirəsi unudulmur

iyul 18th, 2013

1075783_622153987804442_154215487_n

Çərşənbə günü Azərbaycan və beynəlxalq vətəndaş cəmiyyəti cəsur bir jurnalist və öz ölkəsinin taleyinin qeydinə qalan bir şəxs kimi tanıdıqları mərhum jurnalist Elmar Hüseynovun xatirəsinə ehtiramlarını ifadə etmək üçün bir araya gəlib. Jurnalistin 46-cı doğum günü münasibəti ilə bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi onun Fəxri Xiyabandakı məzarını ziyarət edib.


Monitor jurnalının baş redaktoru olan Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı binanın pilləkənində planlaşdırılmış sui-qəsdi xatırladan bir hücumda qətlə yetirilib.

Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğursa da, Əliyevin rəhbərlik etdiyi Azərbaycanda hadisəyə çox zəif reaksiya göstərilib. Hadisədən səkkiz ildən də artıq vaxt keçməsinə baxmayaraq, hökumət bu cinayəti lazımınca araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.

Buna baxmayaraq, Azərbaycanın yerli hüquq müdafiə qrupları bu cəzasızlığa və eyni zamanda ölkədə mətbuat azadlığına edilən basqılara qarşı mübarizəni davam etdirir.

Jurnalistin məzarını ziyarət zamanı onun həmkarları və dostları bu mübarizəni davam etdirəcəklərinə bir daha söz veriblər. “Biz Elmar Hüseynovun qətlinin üstünün açılması və günahkarlın qanuna uyğun cəzalandırılması üçün səyləri davam etdirəcəyik” deyə jurnalistin həmkarları bildirib.

Bu anım mərasimi Hüseynovun fəaliyyətinin Azərbaycanın jurnalistika və siyasi həyatında hələ də yaşadığını bir daha xatırladıb.

Mərasimdə iştirak edən jurnalistin atası Sabir Hüseynov oğlunun gənc nəsillər tərəfindən unudulmadığını görməkdən qürur duyduğunu ifadə edib. “Bu onu göstərir ki, Elmar daim qəlblərdə yaşayacaq” deyə o bildirib.

Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov işdən evə qayıdarkən naməlum şəxs tərəfindən evinin kandarında güllələnib. Cinayətkar ona tapançadan 7 atəş açıb. Bir müddət sonra hakimiyyət bildirib ki, cinayəti Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Əliyev və Tahir Xubanov törədiblər. Lakin Gürcüstan hakimiyyəti onları verməkdən imtina edərək bildirib ki, həmin şəxslərin qətlə bağlı olmasına sübut yoxdur.