Azərbaycanda azad və ədalətli prezident seçkiləri üçün təhlükələr

398327_525389854153700_112437647_n

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) müxalif yönümlü jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin Təhlükəsizlik əməkdaşları tərəfindən həbsi ilə bağlı olaraq Azərbaycan hökumətini ifadə azadlığına təzyiqlərə son qoymağa çağırır.

Təşkilat prezident seçkiləri öncəsi siyasətçilərə, fəallara və jurnalistlərə qarşı təzyiqləri pisləyərək hökuməti qarşıdan gələn seçkini vətəndaşların öz fikirlərini sərbəst ifadə edə biləcəkləri bir şəraitdə keçirməyə çağırır.

İnsan haqlarının ciddi şəkildə pozulması “9 oktyabr” seçkisinin azad və ədalətli olması perspektivləri, ümidləri alt-üst edir.  “Demokratik seçkilər namizədlərin sərbəst şəkildə öz namizədliklərini irəli sürmələri və seçicilərin məlumatlı qərar qəbul etmələrinə imkan verən şərait yaradılmasını tələb edir. “Azərbaycanda necə azad seçkilər keçirilə bilər ki, müxalif liderləri, jurnalistlər, fəallar həbsdədirlər və öz fikirlərini sərbəst ifadə edə bilmirlər ”,-deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirir.

RATİ jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin 17 sentyabrdakı həbsini və onun  işlədiyi qəzetin ofisində olan axtarışı pisləyir və bunu media və vətəndaş cəmiyyətinə seçki qabağı təzyiq hesab edərək hökuməti jurnalisti dərhal azad etməyə çağırır.

Belə ki, “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, “Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzi”-nin sədri  Pərviz Həşimli  Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qanunsuz odlu silah saxlama və qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və sentyabrın 18-də Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri üzrə təqsirli bilinərək barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Həşimlinin həbsinə və “Bizim Yol” qəzetində axtarışın səbəbinin nə olduğu ictimaiyyətə tam aydın deyil. Lakin bəzi ekspertlər bildirir ki, bu həbsin səbəbi  həbsdən bir qədər əvvəl moderator.az saytında hakimiyyət daxili münasibətlər ilə bağlı açıqlanmalı olmayan məlumatların ictimailləşdirilməsidir.

Həşimli bəyan edib ki, ona qarşı ittihamlar saxtadır və həbsi peşə fəaliyyəti ilə bağlıdır. Evdə axtarış zamanı olan Həşimlinin həyat yoldaşı da bəyan edib ki, onların evində tapılan tapança və qumbaralar evlərinə gələn MTN əməkdaşları tərəfindən qoyulub. Axtarış zamanı jurnalistin özü və vəkilinin iştirakı da təmin edilməyib.

RATİ hesab edir ki, jurnalistin həbs edilməsi onun peşə fəaliyyəti ilə bağlıdır və bu Azərbaycan Respublikasının Konstitusiyasının  46 (fikir və ifadə azadlığı) və İnsan Hüquq və Əsas Azadlıqlarının  Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin pozuntusudur və bu həbs Azərbaycan hökumətinin insan hüquqlarına hörmət etmədiyini, həmçinin də beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini göstərir.

RATİ jurnalistin həbsi zamanı baş verən ciddi qanun pozuntularına görə məyusluğunu ifadə edir. 20 saata yaxın təcrid olunmuş vəziyyətdə saxlanması, vəkili olmadan dindirilməsi, məhkəməyə başı torbalı şəkildə gətirilməsi, məhkəmədə vəkilin iştirakının gec təmin edilməsi, qapalı şəkildə keçirilən məhkəmə barədə məlumatın verilməməsini pisləyir.

RATİ xatırladır ki, Azərbaycanın üzv olduğu Avropa Konvensiyasının 6-cı maddəsinə görə (ədalətli məhkəmə hüququ) ittiham olunan şəxs müdafiəçi ilə təmin olunmalı və həmçinin də müdafiə üçün kifayət qədər vaxt verilməlidir.

“Jurnalistin məhkəməyə başına torba keçirilərək gətirilməsi insan hüquqlarının pozuntusudur, jurnalistə edilən psixoloji təzyiqdir. Həşimlinin həbsi seçkiqabağı gərgin olan vəziyyətin daha da dərinləşəcəyini göstərir və hesab edirəm ki, beynəlxalq təşkilatlar da bu məsələyə reaksiya verməlidirlər”, -deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ bundan başqa “Bizim Yol” qəzetinin ofisində aparılan axtarışı və jurnalistin kompüterinin müsadirəsini ciddi şəkildə pisləyir və bunu mətbuat azadlığının kobud pozuntusu hesab edir.

RATİ həmçinin jurnalistin evində axtarış aparılan zaman çəkiliş edən RATİ sədri Emin Hüseynov və “Azadlıq” radiosunun əməkdaşı İslam Şıxəliyə qarşı zorakılıq edən  Milli Təhlükəsizlik Nazirliyinin və Post Patrul əməkdaşlarının hərəkətini pisləyir, jurnalistlərin peşə fəaliyyətinə mane olmanın Cinayət Məcəlləsinin 163-cü maddəsinə görə cinayət əməli olduğunu bəyan edir və Azərbaycan hökumətini günahkar olan MTN və Post  Patrul əməkdaşlarını cəzalandırmağa çağırır.

RATİ 2013-cü ildə keçiriləcək prezident seçkilərinə  az vaxt qaldığı halda hazırda saxta ittihamla həbs edilmiş jurnalistlərin sayının 9-a çatmasından narahatdır.

“Yeni həbs dalğasının başlaması onu göstərir ki, hökumət 9 oktyabr seçkiləri ərəfəsində müstəqil medianı susdurmağa çalışır. Azərbaycan hökumətini həbsdə olan jurnalistləri azad etməyə, öz tənqidçilərini silah alverçisi və terrorçu adlandırmaqdan çəkinməyə çağırırıq”, deyə Emin Hüseynov bildirib.

RATİ xatırladır ki,  MTN əməkdaşları Nidaçı fəalların da evlərindən molotov kokteyli, narkotik və pul çıxarmışdılar və görünür ki, hökumət bu ittihamdan jurnalistlərə və müxalifətə qarşı istifadə edir.

RATİ Azərbaycan hökumətini  seçkiöncəsi insan hüquqları, xüsusilə də ifadə azadlığına edilən basqılara son qoymağa, həbsdə olan bütün jurnalistləri, bloggerləri və gənc fəalları qeyd-şərtsiz azad etməyə çağırır.

RATİ həmçinin BMT-ni, Avropa Şurasını və ATƏT-i ifadə azadlığı ilə bağlı öhdəlikləri olan üzv dövlət kimi Azərbaycana ciddi və tələbkar çağırışlar etməyə və bu çağırışlar lazımi nəticə vermədikdə isə müvafiq tədbirlər görməyə çağırır.

Previous Post

“SEÇKİ PROSESİNDƏ MEDİA ETİKASI” ADLI KONFRANS KEÇİRİLİB

Next Post

Pərviz Həşimlinin ailəsi jurnalistə verilən ittihamı saxta hesab edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.