“SEÇKİ PROSESİNDƏ MEDİA ETİKASI” ADLI KONFRANS KEÇİRİLİB

Bu gün İREX təşkilatı Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Park İnn otelində “Seçki prosesində media etikası” mövzusunda konfrans keçirib. Konfransın məqsədi seçki zamanı qısamüddətli təşviqat müddətində jurnalistlərin keyfiyyətli şəkildə seçki prosesini işıqlandırmalarına yardım etməkdir. Seçkilər zamanı peşə etikası və standartlar mövzusunda müxtəlif media qurumlarının rəhbərlərinin, jurnalistlərin, QHT rəhbərlərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin və mütəxəssislərin fikirləri dinlənilib. Bununla yanaşı, konfransın açılışında əsasən Xədicə İsmayılovaya qarşı son təzyiqlərdən danışılıb.

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Azərbaycanda media azadlığını dəstəklədiyini dəfələrlə bəyan etdiyini xatırladıb. “Azad media həm əhalini maarifləndirir, həm də hökuməti məsuliyyətli edir”, – deyə səfir vurğulayıb. Onun fikrincə, seçki dövründə azad media daha vacibdir. Səfir hesab edir ki, yönümündən asılı olmayaraq Azərbaycanda bir çox mediada məlumatların dəqiqi və ədalətli çatdırılmasında problemlər var. Düzgün informasiya axını üçün peşəkarlıq və etik məsuliyyət vacibdir. “Bəzi media qurumları dedi-qodu üzərində qurulmuş faktlara daha çox üstünlük verir.

Elə faktlar, sitatlar yazırlar ki, tam yalandır. Bütün mediaya çağırış edirəm ki, dəqiq informasiya axınınını təmin etmək üçün dəyişiklik etsinlər”, – deyə səfir qeyd edib. Riçard Morninqstarın fikrincə, bəzən çox cəsur jurnalistlər də olur. Onlar beynəlxalq standartlara uyğun məqalələr dərc edir və təzyiqlərə məruz qalır. “Xədicə İsmayılovaya qarşı aparılan qara piar kampaniyası narahatlıq yaradır. Heç bir jurnalist Xədicə İsmayılovaya qarşı edilənlərə məruz qalmamalıdır. Bunlar Azərbaycanın maraqlarına ziddir. Xədicə İsmayılova barədə internetdə yayılanlar yalandır və qəbul edilməzdi. Gərək bununla barışmayaq, buna qarşı səsimizi ucaldaq”, – deyə səfir bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ölkədə mətbuat azadlığının olduğunu, vətəndaşların fikirlərini ictimaiyyətin diqqətinə çatdırmaq üçün imkanlara malik olduğunu deyib. Onun firkrincə, medianın əsas problemi iqtisadi cəhətdən zəif olması və reklama əl çatımlılığın olmamasıdır. Amaşov konstitusiyaya gizli çəkilişləri qadağan edən bənd əlavə edildikdən sonra vəziyyətdən çıxış kimi “Jurnalistlərin davranış qaydaları”na ictimai əhəmiyyət kəsb etdikdə gizli çəkilişlər aparaılması barədə bənd əlavə edildiyini deyib. Onun sözlərinə görə, seçki dövründə Mətbuat Şurasında qaynar xətt fəaliyyət göstərir və qara piara qarşı mübarizə məqsədi ilə monitorinqlər keçiriləcək.

Bu zaman jurnalistlər onun diqqətinə çatdırıb ki, vətəndaşların vergisi hesabına maliyyələşən rəsmi “Azərbaycan” qəzeti “Juranlistlərin davranış qaydaları”na əməl etmir. Qəzet müxalifətin əleyhinə məqalə dərc edir, amma qarşı tərəfin mövqeyini öyrənmir və dərc etmir. “Azərbaycan” qəzetinin redaktoru həm də Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Qara piar məsələsinə gəlincə, Amaşovun diqqətinə neçə aylardır qara piarla məşğul olan, insanları və prezidentliyə namizədləri alçaldan, İctimaipalatka.com saytı çatdırılıb.

Previous Post

Araz Quliyevin apellyasiya şikayətinə baxılır

Next Post

Azərbaycanda azad və ədalətli prezident seçkiləri üçün təhlükələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.