
Aprelin 29-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstənq və bir neçə əməkdaşı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun ofisində axtarış aparıblar. Yoxlayanlar bütün kompüterləri, Arif Yunusun kitablarını, müxtəlif çap materiallarını, o cümlədən Yunusların iştirakı ilə keçirilən konfranslardan materialları müsadirə ediblər.
Ofisdən sonra Leyla Yunusun mənzilində də axtarış aparılıb. Axtarış zamanı bir sıra sənədlər və çap məhsulları götürülüb. Mənzildə kompüterlər olmayıb. Leyla və Arif Yunusun fərdi kompüterləri dünən aeroportda onlar saxlanılarkən və bu gün ofisdə aparılan axtarış zamanı götürülüb.
Axtarışdan sonra RATİ-yə məlumat verən hüquq müdafiəçisinin vəkili Xalid Bağırov bildirib ki, L.Yunus jurnalist şahid qismində dindirilib və ondan ölkəni tərk etməmək barədə iltizam alınmayıb.
Bağırov onu da əlavə edib ki, Leyla Yunusun xarici pasportu qanunsuz olaraq alınıb və sənədin geri qaytarılması üçün bütün qanuni vasitələrdən istifadə edəcəklər.
“Arif Yunus bu işlərə cəlb edilməyib, o heç şahid də deyil və hazırda səhhətində olan problemlərlə bağlı xəstəxanada müalicə alır”, -deyə Bağırov qeyd edib.
Baş Prokurorluğun mətbuat xidməti yaydığı məlumatda Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən konkret cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar Bakı şəhərində fəaliyyət göstərməklə hüquqi qeydiyyatdan keçməyən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunus və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsinin nəzərdə tutulduğunu bildirib.
“Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələri şəxsən təqdim edilməsinə, həmçinin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq, hər iki şəxs üzrlü səbəb olmadan qəsdən istintaqdan yayınıblar. Arif Yunusov aprelin 25-də “Hipertoniya xəstəliyi III dərəcəli, hipertonik kriz” diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib və bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəhd edib.Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyəti ilə saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb. Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.Eyni zamanda, həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb”,-deyə Prokurorluğun məlumatında qeyd edilib.
Xatırladaq ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakıdan Dohaya gedərkən aiportda saxlanılıb.