(English) Azerbaijan wins election to regulate NGO access to UN as crackdown mounts at home

Bəyanat

“Azərbaycan hökuməti QHT əleyhinə yürütdüyü siyasəti dəyişməyincə və ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti qruplarına təzyiqlərə son verməyincə, BMT Nizamnaməsində və 1996/31 saylı Qətnaməsində müəyyən olunmuş  BMT ilə qeyri-hökumət təşkilatları arasındakı məşvərətçi əlaqələr təhlükə altında qalır,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib.

Ötən həftə, BMT Azərbaycanı  yekdilliklə özünün 19 üzvü olan nüfuzlu QHT-lər Komitəsinə üzv seçib.  Bu qərar və onun qəbul edildiyi vaxt Komitənin gələcək fəaliyyətində şəffaflıq və ədalətliliklə bağlı narahatlıqlar doğurur.  QHT-lər Komitəsi QHT-lərin BMT-nin bir çox iclaslarında iştirak edə bilməsi üçün tələb olunan məşvərətçi statusu ilə bağlı BMT-nin İqtisadi və Sosial Şurasına tövsiyələr verir. Yerli və beynəlxalq QHT-lərə qarşı sənədli-sübutlu qəddar təzyiq həyata keçirən Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərin BMT-yə çıxışını məhdudlaşdırmaq üçün gözəl imkan əldə edib. O, həm də artıq məşvərətçi statusu olan insan hüquqları QHT-lərinin də fəaliyyətinə də maneə yarada bilər.  1996/31 saylı Qətnaməyə görə, Komitənin, digər hüquqlarla yanaşı, “cari qətnamədə təsbit olunmuş məşvərətçi status tələblərinə riayət etməyən təşkilatların fəaliyyətinə nəzarət və ya məşvərətçi statuslarının onlardan alınması barədə Şuraya tövsiyə vermək hüququ vardır.”

Son illərdə, Azərbaycan hakimiyyəti özünün qeyri-hökumət qurumlarının fəaliyyətinə yaxşı şərait yaratmaqla bağlı beynəlxalq və qanunla tələb olunan öhdəliklərinə zidd olaraq, vətəndaş cəmiyyətinin  inkişafını aşkar şəkildə boğmuşdur. Azərbaycanda demokratiya və insan hüquqları sahəsində çalışan yerli və beynəlxalq QHT-lərin işinə bir çox hallarda hökumət tərəfindən müdaxilələr edilir. Bu müdaxilə davamlı narahatçılıq vermə və daha ciddisi isə hüquqi təzyiq formasında baş verir. Tənqidi QHT-lər rəsmi qurum kimi qeydiyyatdan keçməkdə xüsusi çətinliklərlə üzləşirlər, onların müraciətlərinə çox vaxt xırda texniki problemlərə görə rədd cavabı verilir.

Azərbaycanın nə üçün BMT QHT Komitəsinə üzv olmamalı olduğuna bir neçə nümunə göstərək:

Aprelin 23-də, Bakı Ağır Cinayətlər Məhkəməsi hüquq müdafiəçisi Anar Məmmədli və daha iki QHT nümayəndəsi Bəşir SüleymanlıElnur Məmmədov barədə məhkəmə prosesinə başlayıb.

Anar Məmmədli Azərbaycanda 12 ildən artıq seçkiləri müşahidə etmiş aparıcı müstəqil monitorinq qrupu – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədridir. Hüquq müdafiəçisi 16 dekabr 2013-cü ildə həbs olunub və onun barəsində vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifədən sui-istifadə ittihamları ilə həbs-qətimkan tədbiri seçilib. Məmmədlinin barəsində məhkəməyə qədər həbs tədbirinin seçilməsi Azərbaycanın da tərəfdar olduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta ziddir, belə ki, Paktın 9(3) maddəsində qeyd olunur ki, şəxsi məhkəməyə qədər həbs etmək ümumi qayda olmamalıdır.

Məmmədliyə qarşı həyata keçirilən hüquqi tədbirlər əslində onun 2013-cü il prezident seçkilərini faktlara əsaslanaraq tənqid etməsindən qaynaqlanır.  SMDT seçkiləri yaxından müşahidə edərək, onun azad və ədalətli olmadığı barədə rəy verib. Təşkilat seçki günü geniş saxtakarlığın, seçki günündən əvvəlki ayda isə siyasi həbslərin və təqiblərin baş verdiyini qeyd edib. ATƏT daxil olmaqla digər müstəqil müşahidəçilər də seçkilərin beynəlxalq standartlara cavab vermədiyini müəyyən edib.

2013-cü ilin dekabrında, parlament tərəfindən QHT-lərin fəaliyyəti və qeydiyyatını tənzimləyən qanunvericiliyə yeni dəyişikliklərin gözlənilməz qəbulu ilə Azərbaycan hökuməti birləşmə azadlığını məhdudlaşdırmaq istiqamətində növbəti addımları atdı. Yerli və beynəlxalq QHT-lərin fəaliyyətini məhdudlaşdıran bu mürtəce dəyişikliklər məzmunca Azərbaycanın QHT-lərə qarşı düşmən mövqeyi sərgiləyən şimal qonşusu Rusiyanın bir müddət əvvəl qəbul etdiyi qanun layihəsini xatırladır.

10 mart 2011-ci ildə, bütün müvafiq hüquqi tələblərə riayət etməsinə baxmayaraq, Osloda yerləşən İnsan Hüquqları Evi Şəbəkəsinin tərkibinə daxil olan Azərbaycan İnsan Hüquqları Evindən, heç bir xəbərdarlıq edilmədən fəaliyyətini dayandırması tələb olundu. O vaxtdan bəri, ötən 3 il ərzində Azərbaycan İnsan Hüquqları Evi hələ də bağlıdır.  Mərkəzi ofisi ABŞ-da yerləşən Milli Demokratiya İnstitutunun Bakı Ofisi də qeydiyyatı olmaması səbəbi ilə bir neçə dəfə bağlanıb, baxmayaraq ki, təşkilat 2006-cı ildən bəri qeydiyyat üçün bir neçə dəfə müraciət edib.

Bu yaxınlarda, Azərbaycan hökuməti tənqidçilərə qarşı başlanmış geniş təzyiq kampaniyasının fonunda ölkədə yerli və xarici QHT-lərə qarşı bir sıra reydlər həyata keçirib. Vergi və Ədliyyə Nazirliyi yoxlamaları adı altında, anlaşılmaz hüquqi əsaslarla həyata keçirilən bu reydlər narahatlıq doğurur, çünki onların ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətini daha da pozmaq məqsədi daşıdıqları görünür.

Milli və xarici QHT-lərdən başqa, Azərbaycanın regionlarında fəaliyyət göstərən QHT-lər də getdikcə daha çox təzyiqlərə məruz qalır. “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin son həbsi və təşkilatın yerləşdiyi ofisdən çıxarılması onu göstərir ki, Azərbaycan hökuməti regionlarda da vətəndaş cəmiyyətinin inkişafını istəmir.

BMT İnsan Hüquqları Şurasının ikinci Ümumi Dövrü Baxışı, o cümlədən,  BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Komitəsi və Bütün Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin baxışları BMT insan hüquqları öhdəliklərinin Azərbaycan tərəfindən icrasında ciddi çatışmazlıqların olduğunu göstərib.

İnsan hüquqları üzrə əsas müqavilələrin Azərbaycan tərəfindən icrasının və BMT Xüsusi Prosedur mandatlılarının tövsiyələrinə məhəl qoyulmamasının nəzərdən keçirilməsi zamanı, məlum olur ki, Azərbaycan özünün BMT qarşısında daşıdığı insan hüquqları öhdəliklərini ciddiyə almayıb.

Azərbaycanın BMT-də yeni rolunu nəzərə alaraq, Azərbaycan hökumətinin insan hüquqları daxil olmaqla BMT-nin fundamental dəyərlərinə əməl etməsinin və onları təşviq etməsinin təmin edilməsi indi daha da vacibdir.

 

RATİ Azərbaycan hökumətini vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə son qoymağa və öz yerli və beynəlxalq öhdəliklərinə uyğun olaraq birləşmə azadlığını təmin etməyə çağırır.

 

 

Previous Post

Rafiq Tağının cinayət işi üzrə istintaqın dayandırılmasından verilən şikayət təmin edilməyib

Next Post

Hüquq müdafiəçisinin mənzil və ofisində axtarış aparılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.