
Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesindəqalmaqal baş verib.
Digər təqsirləndirilən T. Qurbanov P. Həşimlinin mətbuatda onu və ailəsini təhqir etdiyini və onun əleyhinə mətbuatda yazılar getdiyini deyib. Jurnalist isə bu iddiaların heç bir əsası olmadığını və həbs olunduğuna görə jurnalist kimi fəaliyyət göstərmədiyini xatırladıb.
Bu zaman Təvəkkül Qurbanov dəmir barmaqlıqlar arasından Həşimliyə hücum edərək ona yumruqla vurmaq istəyib. Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirib.
Prosesdə P. Həşimlinin vəkili məhkəmədə əlavə şahidlərin dindirilməsi barədə verdiyi vəsatət təmin edilməyib.
Həşimli vəsatətlərə münasibət bildirərkən deyib ki, MTN-də ona 1 milyon dollar təklif ediblər ki, general Əli Nağıyev və Cavid Qurbanova (“Azəryolservis” SC-nin rəhbəri) qarşı ifadə versin.
Onu da qeyd edək ki, məhkəmə zamanı P.Həşimlinin halı pisləşib və sakinləşdirici dərman içib.
Növbəti proses mayın 5-də davam edəcək.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb.