“Zerkalo” qəzeti Mətbuat Şurasının təsisçilər heyətindən çıxıb. Bu barədə bu gün (20 may) Reportyorların Azadlıq vəTəhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Elçin Şıxlı məlumat verib.
“Şuradan çıxmağımız barədə ərizəni bir həftə öncə təqdim etmişik. Çıxmaq istəməyimizə səbəb Mətbuat Şurasının qəzetimizin düşdüyü ağır vəziyyətə biganə qalması olub. Qəzetimizin müxbiri Rauf Mirqədirov həbs ediləndə, həmçinin qəzet gündəlik nəşrini dayandırdığı zaman Mətbuat Şuras hər hansı reaksiya vermədi və belə olan halda bu qurumda olmağın hər hansı faydası olmadığını gördük və çıxdıq”,-deyə baş redaktor bildirib.
Xatırladaq ki, aprelin 19-da qəzetin müxbiri Rauf Mirqədirov dövlətə xəyanət ittihamı ilə həbs edilib. Bu cinayət işi ilə əlaqədar qəzetin ofisində axtarış aparılıb və qəzetin bütün arxivinin olduğu baş redaktorun komputeri aparılıb. Zerkalo qəzeti maddi problemləri olduğu üçün qəzetin gündəlik nəşrdən aylıq nəşrə keçməsi barədə qərar verib.