Dövlət ittihamçısı Anar Məmmədliyə 9 il cəza istədi

anar

Mayın 21-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib.

O, hər üç təqsirləndirilən şəxsin bütün ittiham bəndləri üzrə təqsirli bilinməsini və Məmmədlini 3 il ərzində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, B.Süleymanlını və E. Məmmədovu 2 il ərzində vəzifə tutmaq hüququndan məhrum etməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısının çıxışından sonra Məmmədlinin hüquqlarını müdafiə edən  Fariz Namazlı çıxış edib. Vəkil işin siyasi motivli olduğunu bildirib və müvəkkilinə bəraət verilməsini tələb edib.

Təqsirləndirilənlərin digər vəkilləri yekun çıxışa hazırlaşmaq üçün 1 həftə vaxt istəyiblər.

Məhkəmə prosesi 26 may tarixinə qədər təxirə salıb.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb.

Previous Post

Zerkalo qəzeti Mətbuat Şurasından çıxıb

Next Post

Rahim Hacılı: İctimaiyyətə müraciət son çıxış yoludur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.