
Mayın 20-də Şəki Apellyasiya Məhkəməsində İsmayıllı işinə görə həbs edilənlərin, o cümlədən, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu barəsində çıxarılan 17 mart 2014-cü il tarixli hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Tofiq Yaqublunun vəkili Nemət Kərimli Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti məhkəmə təmin etməyib.
Vəkil onu da əlavə edib ki, məhkəmə qismən istintaq aparılması ilə növbəti prosesi iyunun 5-nə təyin edib.
Qeyd edək ki, İsmayıllı hadisələrini törətməkdə təqsirli bilinən REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, Səftar Ağamalıyev, Anar Həsənov və Vasif İbrahimov hər biri 8 il, Elşən İsmayıllı 5 il 6 ay, Elşən Qurbanov 5 il, Qənbər Ağamalıyev 4 il 6 ay, Cəfər Cəfərov 4 il 6 ay, Şükran Möhbalıyev 2il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şakir Mustafayev, Ceyhun Abbasov, Səxavət Səmədov, Xəyal Şaranov, Rəşid Məmmədov Daşqın Ağayev, Aydın Cabbarov və Mirkazım Abdullayev şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb.