Bu gün (18 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Müsavat Partiyası Gənclər Təşkilatının təşəbbüsü ilə “Xarici radiostansiyaların milli tezliklərdə yayımının dayandırılması” mövzusunda dəyirmi masa keçirilib.
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbas xarici radioların fəaliyyətinin dayandırılmasına kəskin etirazını bildirdi: ”Azad fikrimizi söyləmək üçün bir-iki radio var ki, onların da yayımını “Azərbaycanda xarici radiostansiyaların milli tezliklərlə yayımı qanuna görə qadağandır” – deyə dayandırmaq istəyirlər. Amma xatırladaq ki, bu qanun neçə illərdir ki, qəbul olunub. Ancaq deyəsən bu qanunun mövcudluğu indi hakimiyyətin yadına düşüb. Ona görə ki, son dövrlər “Azadlıq”, “Amerikanın səsi”, “BBC” radioları ictimai-siyasi həyatdakı proseslərdə çox yaxından iştirak edirlər və ən aktual hadisələri canlandırırlar. Cəmiyyətin də bu radiostansiyalara marağı artır. Bu da onu göstərir ki, Azərbaycan hakimiyyəti azad sözə dözümsüzdür. Çünki hakimiyyət xalqdan və xalqın səsindən qorxur. Mən inanıram ki, bu məsələnin bir çıxış yolu tapılacaq və xarici radiostansiyaların fəaliyyətinə qadağa qoyulmaz. Əgər radioların yayımı dayandırılsa, biz gənclər təşkilatları olaraq konkret addımlar atacağıq. Bu özünü piket və başqa aksiyalar formasında göstərəcək”.
ADP Gənclər Təşkilatının sədri Vüsal Əliyev isə qeyd etdi ki, xarici radiostansiyaların yayımının dayandırılması təkcə siyasi partiyaların problemi deyil, cəmiyyətin və ümumilikdə dünya ictimaiyyətinin problemidir. Onun fikrincə hər kəs, bu problemin müsbət həll olunmasına töhfəsini verməlidir.
Tədbirdə çıxış edən “Qarabağ Azadlıq Təşkilatı”nın (QAT) üzvü Manaf Kərimov və “Çağrı” Gənclər Təşkilatının koordinatoru Cavid Hacıbəyli də xarici radioların yayımının dayandırılmasının əleyhinə olduqlarını bildirdilər və milli tezliklərlə bu radiostansiyaların yayımının davam etdirilməsinin tələb etdilər.