JURNALİST KASSASİYA ŞİKAYƏTİ VERƏCƏK

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun sədrliyi ilə “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərovun Yasamal Rayon məhkəməsinin çıxardığı qərardan verdiyi Apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Proses iddiaçı və cavabdeh tərəfin çıxışları ilə başladı. İlk əvvəl çıxış edən Ü.Cəfərov bildirdi ki, o, Yasamal Rayon Məhkəməsində bu işi aparan müstəntiq Rafiq Əliyevin hərəkətlərindən yox, hərəkətsizliyindən şikayət edib. “Mənim istintaqa təqdim etdiyim şahidlərin heç birini müstəntiq R.Əliyev dindirməyib. Məni döyən polis işçisi ilə üzləşdirmə aparılmayıb. Bütün bunlarla yanaşı iş üzrə materialların heç biri, ekspertizanın rəyi, hətta işə xitam verilməsi haqda qərar mənə verilməyib. Mən işə xitamın verilməsi haqda qərarı məhkəmə zamanı bilmişəm”.   
Daha sonra müstəntiq R.Əliyev çıxışında iş üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Nəbinin onun tərəfindən dindirildiyini bildirdi:“Nəbi dindirilmədə hadisə zamanı Fətullayevin məhkəməsinin qarşısında asayişi qoruduğunu və məhkəmə prosesi bitdikdən sonra evə getdiyini bildirib. Bunu Nəbinin ailə üzvləri də təsdiq ediblər”.
Bundan sonra söz dövlət itihamçısı Yasamal Rayon Prokurorunun müavini Rauf Qasımova verildi. R.Qasımov istintaqın düzgün aparıldığını bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
Çıxışlardan sonra müşavirəyə gedən məhkəmə Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Eyni zamanda hakim R.Qasımav və R.Əliyevə iş üzrə materialların  Ü.Cəfərova verilməsini təmin etməyi tapşırdı. Cəfərov RATİ-nin əməkdaşına bildirib ki, qərardan kassasiya şikayəti verəcək.
Xatırladaq ki, Ü.Cəfərov 20 aprel 2007-ci ildə redaksiyadan çıxarkən naməlum şəxslərin hücumuna məruz qalmışdı.  Faktla bağlı Yasamal rayon 27-ci Polis idarəsində cinayət işi açılsada sonradan istintaq yarımçıq dayandırılmışdır. Bununla bağlı Ü.Cəfərov Yasamal rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etsə də, jurnalistin şikayətinin rədd edilməsi haqqında qərar çıxarılmışdı. Ü.Cəfərov bu qərardan Apellyasiya məhkəməsinə şikayət vermişdi.

Previous Post

AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

Next Post

“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI OĞURLANMAQ TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.