PREZİDENT YANINDA KİV-Ə DƏSTƏK FONDU YARADILDI

Aprel ayının 3-ü 2009-cu il tarixində dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında fərman imzalayıb.

Fondun fəaliyyəti ilə bağlı Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynovla əlaqə saxladıq. Onun sözlərinə görə, fondun fəaliyyətinə prezident tərəfindən dörd il müddətinə təyin edilmiş icraçı direktor rəhbərlik edəcək. R. Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) onu da bildirib ki, fondun yaradılmasında əsas məqsəd, mətbuatın müstəqil, peşəkar fəaliyyət göstərməsidir. İlkin mərhələdə 1,3 milyon AZN ayrılması nəzərdə tutulan layihənin davamlı olacağını qeyd edən R. Hüseynov, KİV-lərin bu fonddan yardım almaları üçün yazılı formada müraciət etmələri lazım olduğunu, həmçinin həmin KİV-in özünü doğrultmuş və işçilər ilə əmək müqavilələrinin bağlamalarının vacib olduğunu da vurğulayıb.
Fondun yaradılması ilə bağlı RATİ bir sıra KİV rəhbərlərinin mövqeyini öyrənib. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu RATİ-yə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını yaxşı qiymətləndirdiyini və yardım üçün bu fonda müraciət edəcəyini də deyib.
“KİV-ə maddi yardımdan daha çox azadlıq lazımdır”- deyən “Bizim yol” qəzetinin redaktoru Bahəddin Həziyev, fondun məramnaməsi ilə tanış olmadığını, ancaq bu addımı müsbət qiymətləndirdiyini bildirib.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev:  “Hələlik layihənin strukturu formalaşmalıdır və ilk öncə isə mətbuatın problemlərinin nədən ibarət olduğunu araşdırıb tapmaq lazımdır”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı: “Müstəqil və partiyalardan asılı olmayan qəzetlərin bu layihədən faydalanacağına ciddi şübhə edirəm. Bu fonddan yardım almaq üçün  müraciət edəcəyəm və ciddi mübarizə aparacağam.
“Azadlıq” qəzetinin  baş direktoru Azər Əhmədov: “ Azərbaycanda mətbuat iqtidar və müxalifətyönlüdür. Belə düşünürəm ki, yardımın  çox hissəsi iqtidaryönlü qəzetlərə  ayrılacaq.
"Ayna"-"Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı: ” Fondun yaradılmasını normal qiymətləndirirəm. Hər şey bu fondun gələcəkdə necə işləyəcəyindən asılı olacaq.  Yeni layihələr olarsa fonda müraciət edəcəyik.
“APA” İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı: “KİV-ə dəstək fondunun yaradılması çox normaldır. Mən hesab edirəm ki, ilkin məbləğ çox böyük olmasa da bu vəsaitdən səmərəli şəkildə istifadə olunarsa, böyük uğur əldə edə bilərik”.
Previous Post

QOHUMU MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Next Post

MİRZƏ SAKİT BU GÜN DƏ BURAXILMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.