MAHAL İSMAYILOĞLU BARƏDƏ İTTİHAM AKTI ELAN OLUNDU

Bu gün (16 aprel) Abşeron Rayon Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə təqsirləndirilən şəxs Mahal İsmayıloğlu, onun hüquqlarını müdafiə edən şəxslər – “Media Hüquqları İnstitutu”nun vəkili Elçin Sadıqov, jurnalistin digər vəkili Əlayif Həsənov, zərərçəkmiş şəxs qismində Nəsibə Səfərova, onun vəkili Novruz Əliyev və dövlət ittihamçısı Tofiq Süleymanoğlu iştirak edirdilər.
Məhkəmə prosesində hakim M. İsmayıloğluna qarşı 127, 128, 221.3-cü maddələr üzrə ittiham aktını elan etdi. Tərəflərin çıxışı ilə davam edən prosesdə ilk olaraq ittiham olunan şəxs qismində M. İsmayıloğluna söz verildi və onun çıxışı dinlənildi. Jurnalist ona qarşı elan olunan ittihamı qəbul etmədi və öz çıxışında bildirdi ki, bu ona jurnalist fəaliyyəti ilə bağlı atılan böhtandır. Jurnalist hakimin, dövlət ittihamçısının və zərərçəkmiş tərəfin vəkilinin suallarını cavablandırdı.
Daha sonra zərərçəkmiş şəxs qismində çıxış edən N. Səfərova M. İsmayıloğlunun ona xəsarət yetirdiyini bildirdi. Cavabdeh tərəfin və vəkillərinin suallarını cavablandıran N. Səfərova hadisə ilə bağlı ziddiyyətli cavablar verdi. İttiham olunan tərəfin zərərçəkmişə sualları davam etsə də, iş vaxtı qurtardığına görə, hakim növbəti məhkəmə prosesini 5 may 2009-cu il, saat 15:00-a təyin etdi.
Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,225/lang,az/
Previous Post

“XURAL” QƏZETİNƏ QARŞI İRƏLİ SÜRÜLƏN İDDİA RƏDD EDİLİB

Next Post

“AZADLIQ” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏBS EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.