May ayının 26-da Bakının Qaradağ rayonunun Qaraheybət adlanan ərazisindəki Ümumqoşun Təlim Mərkəzində yerləşən N saylı hərbi hissənin şəxsi heyəti arasında qeydə alınan kütləvi zəhərlənmə halı ilə əlaqədar olaraq hadisə yerində olan bir qrup jurnalist hərbçilərin fiziki təzyiqinə məruz qalıb.
Bu barədə hadisə yerində olmuş “Yeni Müsavat” qəzetinin əməkdaşı Xalid Kazımlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib.
“Məni, həmçinin bir qrup jurnalisti hadisə yerinə buraxmamağa çalışdılar. Təxminən 23 yaşlarında olan mülki geyimli bir şəxs “Azadlıq” radiosunun əməkdaşı Səadət Akifqızının telefonunu əlindən almağa çalışaraq, fiziki güc tətbiq etməyə cəhd etdi. Mən və qəzetimizin əməkdaşı Zabil Müqabiloğlu ona mane olduq. Həmin şəxs hirslənərək, jurnalistləri “içəri basmağı” əmr elədi. Ancaq yaranmış kütləvi çaxnaşmaya görə əmri yerinə yetirilmədi”, – deyə X. Kazımlı bildirdi.