Futbol üzrə Premyer Liqanın yeddinci turu çərçivəsində keçirilən “Muğan”-“İnter” oyununda qarşılaşmanın dördüncü hakimi Zöhrab Əliyev “azerisport.com” saytının fotomüxbiri Ruslan Mikayıllının peşə fəaliyyətini yerinə yetirməsinə mane olub.
“azerisport.com” saytının yaydığı məlumata görə, fotomüxbir müəyyən edilmiş məsafədə dayansa da, hakimin təzyiqinə məruz qalıb. Belə ki, Z.Əliyev fotomüxbirə geri çəkilməyəcəyi təqdirdə oyunu dayandıracağını deyib və onu hədələyib. Yalnız birinci hissənin sonunda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müdaxiləsi nəticəsində yaranmış problem həll edilib.
Xaqani Məmmədov isə RATİ-yə bildirib ki, əslində həmin insidentin baş verməsinə səbəb Ruslan Mikayıllının əynində jurnalist gödəkcəsinin olmaması və müəyyən edilmiş məsafədən yaxında dayanması olub. X. Məmmədov onu da qeyd etdi ki, fasilə zamanı Z. Əliyev və R. Mikayıllı ilə söhbət edib və problem həllini tapıb.